“Pandemiya bitəndən sonra ölkədə yeni iqtisadi model tətbiq ediləcək” –

Hansı sahələr prioritet olacaq? (AÇIQLAMA)
05 Aprel 2020 - 10:58

“Post-pandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri bunlar olacaq: tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi. Dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Yeni özəlləşdirmə proqramı hazırlanacaq”.

Azpost.info bildirir ki, bu sözləri edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı koronavirusla bağlı Baş nazirin imzaladığı “Tədbirlər Planı”nı şərh edərkən deyib.

Onun sözlərinə görə, post-korona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanimzinin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq. Bu Korporasiya strateji layihələr portfelinin uzunmüddətli idarə olunmasını, yeni layihələrin işlənməsini, investorların cəlb edilməsini və pilot layihənin həyata keçirilməsini təmin edəcək.

“Məşğulluq və sosial rifaha dəstək istiqamətində əsas məqsədlərdən biri dövlət və qeyri-dövlət sektorlarında 1 milyon 574 min işçinin əsassız yerə işdən çıxarılması və ixtisarına yol verilməməsi, həmçinin məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanmasıdır”. V.Qasımlı qeyd edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan 110 milyon manat ianəni və Nazirlər Kabinetinə ilk olaraq təqdim edilən 10 milyon manat vəsaiti də nəzərə alanda, Azərbaycanın korona-böhranla mübarizə büdcəsi ümumilikdə 3 milyard manata, başqa sözlə, dövlət büdcəsi gəlirlərinin 12,3 faizinə və ya ÜDM-in 3,6 faizinə çatır: “Bundan başqa postsovet məkanında korona-böhran səbəbindən devalvasiyaya uğramayan yeganə valyuta olan manatın sabitliyi üçün təkcə bu ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan postsovet məkanında korona-böhranla mübarizəyə ÜDM-in ən böyük hissəsini ayırmış ölkədir. Məqsəd ölkəmizi post-korona dövründə daha əlverişli mövqelərə çıxarmaqdır.”