Azərbaycan dindarları bu ilki Ramazan ayını xüsusi şəraitdə qeyd etməli oldular.
Dünyanı ciddi sınaqlar qarşısında qoymuş koronavirus epidemiyası həm də bəla qarşısında xalqın vahidlik, iman və xeyirxahlıq nümayişi ilə müşayət olundu.
Uca Yaradana dünyanı sarmış bu yoluxmanın qarşısını almaq üçün dua edən milyonlarla inanc adamı eyni zamanda dövlətlərinin müəyyən etdiyi xüsusi qaydalarla yaşadılar. Dünyanın bütün iman məbədlərindən – Vatikandan, Kəbədən, sinaqoqlardan, kilsələrdən edilən bu dualar bəşəriyyətin birgə yaşadığı ümumi evi olan dünya üçün edilirdi.
Azərbaycan da bu dövrdə bütün dünya ilə həmrəyliyini göstərərək ümumi bəlaya qarşı mübarizədə bütün dəstəyini ifadə etdi. İnanclı insanlar dövlətin çağırışına qoşularaq pandemiya dövrünün qaydalarına riayət edərək yaşadılar. Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə məscidlərdə kütləvi ibadət evlərdə fərdi ibadətlə əvəz olundu.
Belə mürəkkəb günlərdə QMİ də pandemiyaya qarşı mübarizə tədbirləri sırasında öz fəaliyyətini göstərib. Şeyxülislam Allahşükür Paşazadə ilk günlərdən ölkə müsəlmanlarına müraciət edərək tibbi qaydalara və karantin tədbirlərinə ciddi riayət olunmasına çağırdı. Çətin şəraitdə çalışan həkimlərin fəaliyyətinə yüksək qiymət verən QMİ sədri bu ağır mübarizədə həyatını itirən həkimlərin şəhidlərə bərabər olduğunu bəyan etdi. Kasıb və imkansızlara yardım kampaniyalarına qoşulan QMİ bu günlərdə yürüdülən dövlət siyasətinə dəstəyini ifadə edərək fəal iş aparıb.
Prezident İlham Əliyevin apardığı məqsədəyönlü siyasət nəticəsində ölkəmizin pandemiyanın ağır fəsadlarının yan keçməsi dini icma rəhbərlərinin dövlət başçısına minnətdarlıq məktubu yazmasına səbəb oldu. Aprelin 22-də yazılan məktubda vurğulanırdı ki, bütün səmavi dinlərdə bir insanı xilas etmək bütün bəşəriyyəti xilas etmək qədər yüksək dəyərləndirilir. Dövlət başçısı öz nümunəsi ilə hamımızın birlikdə güclü olduğumuzu nümayiş etdirdi və bu tarixə həkk olundu. İcma rəhbərləri qeyd edirdilər ki, zamanında verilən qərar və sərəncamlar sayəsində cəmiyyət səfərbər edildi və Azərbaycanda xəstəlik üzərində qalibiyyətin bünövrəsi qoyuldu. Buna yüksək qiymət verən din xadimləri bir daha ümumbəşəri bəla ilə fövqəladə mübarizədə Prezident İlham Əliyevə öz dəstəyini bəyan etdilər.
Pandemiya şəraitində Azərbaycanda ilk dəfə olaraq dünya yəhudilərinin Pesax, xristianlarının müqəddəs Pasxa bayramı qeyd olundu.
Ramazan ayının başlanması ilə kütləvi şəkildə məscidlərdə namaz qılınması və digər mərasimlərin idarə olunması karantin şərtləri ilə uyğunlaşdırmaq lazım gəldi. QMİ yaranmış spesifik vəziyyəti nəzərə alaraq verilən fətvalarında dövlətin elan etdiyi qaydalara əməl etməyə çağırdı. Yüz minlərlə inanclı insan Ramazanı evdə qeyd etməklə yoluxma riskinin azaldılmasında öz köməklərini göstərdilər.
Bu çətin günlərdə Azərbaycandakı dini konfessiyaların rəhbərləri müqəddəs Ramazan ayı ilə əlaqədar birlikdə dua edərək ənənəvi iftar süfrəsində oturdular. Bu, həm də bütün dünyaya nümunə olan Azərbaycan tolerantlıq modelinin bir daha nümayişi oldu. Müsəlman və xristian, katolik, yəhudi din xadimləri iftar masasında bir daha vurğuladılar ki, dövlət başçısının vaxtında verdiyi qərarlar sayəsində xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısını almaq mümükün olub.
Şexülislam Allahşükür Paşazadə özünün Ramazan təbrikində qeyd etdi ki, bəşəriyyət xəstəlik təhlükəsi ilə mücadilə apardığı bir zamanda dünya müsəlmanları kimi İslam aləminin ayrılmaz parçası olan Azərbaycan dindarları da dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxması, Yer üzündə salamatlıq, əmin-amanlığın hökm sürməsi üçün dualar etdilər, Ramazan ayının oruc, ibadətlərini ixlas və təqva ilə yerinə yetirdilər, evlərində, ailə ocaqlarının başında böyük ümid və imanla Ramazan sevincini yaşadılar. Azərbaycan cəmiyyəti dövlət başçısının «Biz birlikdə güclüyük» şüarı ilə səfərbər oldu.
QMİ sədrinin bu günlərdə apardığı iş və ünvanına gəlmiş məktublarda Pandemiya dönəmində Azərbaycan xalqının bu mütəşəkkiliyi yüksək qiymətləndirilib.
13 may tarixində KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən onlayn sessiyasında iclasında A. Paşazadə Azərbaycandakı dini konfessiyaların başçıları ilə birgə İftar süfrəsində Uca Yaradandan Vətənimiz və bütün dünyanın ümumi bəladan xilas olmamız üçün dua edəcəklərini demişdi.
Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının İslamla dialoq departamentinin rəhbəri Monsinyor Xaled Akaşe QMİ sədrinə ünvanlanmış Ramazan müraciətində onu Azərbaycandakı və Qafqazdakı bütün müsəlmanlara çatdırılmasını xahiş etdi. Müraciətdə iftar məclisinin dostluq münasibətlərini daha da möhkəmləndirmək üçün münasib bir zaman olduğunu qeyd edən Vatikan nümayəndəsi Ramazanı müsəlmanlar arasında qardaşlıq münasibətlərini təşviq etmək üçün ayrıca bir fürsət kimi qeyd edib.
Bu isə pandemiya ilə mübarizə şəraitində və bütün dinlərin başlıca dəyərlərinə əsaslanaraq Roma Papası Fransiskin “humanitar yardım üçün marşrutlar, diplomatiya üçün aşkarlıq yaratmaq, eləcə də koronavirus pandemiyasına ciddi şəkildə məruz qalanlara diqqət yetirmək” çağırışı ilə üst-üstə düşürdü.
Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov QMİ sədrinə məktubunda Müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək iki ölkənin müsəlmanlarının xalqlar arasında sülhün, dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə öz sanballı töhfəsini verdiyini bildirib.
Bu günlərdə QMİ sədrinin ABŞ Prezidenti Donald Trampa müraciət edərək İrana qarşı olan sanksiyaların pandemiya dövründə müvəqqəti götürülməsinə çağırması ciddi rezonans doğurdu. İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkman bununla bağlı Şeyxülislam Allahşükür Paşazadəyə ünvanladığı təşəkkür məktubunda din rəhbəri olaraq onun beynəlxalq sülhün güclənməsində danılmaz rolu olduğunu vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadənin üzv olduğu, Qazaxıstanda mərkəzləşən Dünya və Ənənəvi Dini liderləri Qurultayı təşkilatının Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə verdiyi bəyanat da diqqətçəkəndir.
Sənəddə vurğulanır ki, silahlı münaqişəyə son qoymaq və insanların ümumbəşər dəyərləri olan həmrəylik və qayğıkeşlik ətrafında birləşməsi naminə dünyanın bütün nöqtələrində dərhal qlobal atəşkəsin təmin olunmasına yönəlmiş müdrik, ardıcıl və gələcəyə istiqamətlənmiş addımların atılması vaxtı artıq gəlib çatıb.
Göründüyü kimi pandemiya dönəmində Azərbaycan dindarları dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edib, dinlərarası dialoq və konfessiyalararası mənəvi harmoniya nümayiş etdiriblər. (Moderator.az)