” Azərbaycanın bütün ərazisində parlament seçkiləri keçirilərək uğurla başa çatdırıldı”.
Azpost.info bildirir ki, bu sözləri sabiq səhiyyə naziri, Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov partiyanın İdarə Heyətində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 30 ildən sonra işğal altında olan Qarabağ torpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu azad etdikdən, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində parlament seçkiləri keçirilərək uğurla başa çatdırılıb.
“Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-i namizədlərini irəli sürdü və seçkilərdə aktiv iştirak etdilər. Seçki qanunvericiliyinə uyğun olaraq, namizədlər üçün bütün imkanlar təmin edilmişdir. Siyasi partiyaların 70 mindən çox müşahidəçisi və məşvərətçisi seçkiləri birbaşa məntəqə və dairələrdə canlı izləmişdir. 600-dən çox beynəlxalq müşahidəçilərin böyük əksəriyyəti seçkilərin demokratik və şəffaf keçirildiyini demişdir”-deyə Ə.İnsanov vurğulayıb.
HƏP sədrinin sözlərinə görə, Haqq Ədalət Partiyasından 6 namizəd qeydiyyata alınıb, 1 nəfər sonra namizədliyini geri götürüb. “HƏP-in deputatlığa namizədləri seçki prosesində aktiv iştirak etmiş və xeyli sayda səs toplaya bilmişlər”.
HƏP İdarə Heyəti partiyanın bütün üzvləri adından mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik edib və deputat fəaliyyətlərində uğurlar arzulayıb.