Ermənistan xarici siyasətdə əvvəlki birtərəfli yanaşmadan imtina edərək müxtəlif istiqamətlər üzrə əməkdaşlığı genişləndirir.
Baş nazir Nikol Paşinyan ölkənin yeni siyasətini “çoxvektorlu əməkdaşlıq” və əlaqələrin şaxələndirilməsi kimi xarakterizə edib.
Paşinyan bunu avqustun 20-də keçirdiyi brifinqdə deyib.
Baş nazir Ermənistanın Avropa inteqrasiyası ilə bağlı Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin açıqlamalarının ultimatum kimi qəbul edilməməli olduğunu bildirib.
Onun sözlərinə görə, Aİİ ölkələri rəhbərlərinin referendum keçirilməsi ideyasına dəstəyi tələb deyil, dostyana jestdir.
“Referendumun müəyyən mərhələdə zəruri olması tezisi bizə məxsusdur. Tərəfdaşlarımızın bu mövqeyi bölüşməsi və Ermənistanın Avropa gündəliyinə qarşı çıxmaması bizim üçün xoşdur”, – Paşinyan deyib.
Ermənistanın hərbi tərəfdaşları artır
Paşinyan bildirib ki, Ermənistanın hazırkı xarici siyasətinin əvvəlki dövrdən əsas fərqi bir istiqamətdən asılılığın aradan qaldırılmasıdır.
Onun sözlərinə görə, Ermənistan hazırda Gürcüstan, Çin, Fransa, Niderland, Qazaxıstan və digər ölkələrlə münasibətləri inkişaf etdirir.
Bu siyasət hərbi-texniki əməkdaşlıqda da özünü göstərir.
“Əvvəllər əməkdaşlığın 85-90 faizi bir ölkənin payına düşürdüsə, indi onlarla tərəfdaşla işləyirik”, – Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyanın sözlərinə görə, may ayında keçirilən hərbi paradda 7 müxtəlif ölkədən alınmış texnika və silahların nümayiş etdirilməsi də bu şaxələndirmənin göstəricisidir.
Baş nazir qeyd edib ki, eyni yanaşma iqtisadi münasibətlərə də tətbiq olunur və balanslaşdırılmış siyasət artıq müəyyən nəticələr verir.
Paşinyanın açıqlamaları Ermənistanın xarici siyasətdə Rusiya ilə ənənəvi əlaqələrdən kənara çıxaraq Avropa və Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışdığını göstərir.
Nadir