“Paşinyan və Makron populist siyasətçilərdir” –

Deputat Cavanşir Feyziyev
17 İyul 2021 - 20:21

“Makronun Ermənistana növbəti səfərə hazırlaşması haqqında ictimaiyyətin məlumatlandırılması Fransanın erməni icmasına mesajdır.

Makron erməni əsilli seçicilərinə anlatmaq istəyir ki, o Ermənistanı və onun problemlərini bir an da olsa unutmur. Fransanın özündə iqtisadi-sosial problemlər yığılıb qalsa da o Ermənistana guya hansısa iqtisadi əməkdaşlıq layihələrini müzakirə etmək üçün gedəcək”

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib.

Deputat qeyd edib ki, Ermənistanın Fransa və ya digər hər hansı bir dövlətlə ciddi iqtisadi layihələrdə iştirak etməsi gülünc bir iddiadır:

“Bu günkü durumunda nə Ermənistanın Fransaya, nə də Fransanın Ermənistana təklif edəcəyi hər hansı önəmli iqtisadi əməkdaşlıq mövzusu ortada yoxdur. Makronun əsl məqsədi yaxınlaşan seçkilərdə erməni əsilli Fransa vətəndaşlarının həm siyasi, həm də maliyyə dəstəyini qazanmaqdır. Son onilliklərin təcrübəsindən Fransa siyasi esteblişmentinin seçkilər zamanı xarici ölkələrdən aldığı qeyri-legal maliyyə dəstəyindən istifadə etməsi bütün dünyaya məlumdur. Bu baxımdan Makronun da Fransa erməni diasporunun maliyyə dəstəyinə ümid etməsi daha inandırıcı görünür”.

“Minsk Qrupunun Həmsədrlik İnstitutu bu münaqişənin həll edilməsi üçün yox, həll edilmədən uzun müddət saxlanılması üçün təsis edilib”

C.Feyziyevin sözlərinə görə, Minsk Qrupunun 30 ilə yaxın fəaliyyəti və ya fəaliyyətsizliyi, eləcə də ayrı-ayrı vaxtlarda bu qrupda təmsil olunan nümayəndələrin öz vəzifəsindən ayrıldıqdan sonra verdiyi açıqlamaları da bunu təsdiq edir:

“Minsk Qrupu bütövlükdə bölgəni mövcud münaqişədən asılı vəziyyətə salmaqla pozitiv beynəlxalq iqtisadi-siyasi münasibətlər sistemindən kənarda saxlamaq, bölgə dövlətlərinin inkişafını əngəlləmək və dünyanın bu vacib bölgəsində hər zaman özlərinin söz sahibi olmasına nail olmaq idi. Lakin Azərbaycan və Türkiyə bu oyunu pozdu və Azərbaycanın suveren hüquqlarını bərpa etməklə həmsədr dövlətlərin məkrli planlarını alt-üst etdi.

Makron siyasətin bu incəliklərini yaxşı başa düşmədiyindən emosianallıq nümayiş etdirdi və bu Fransa dövlətinin maraqlarına uyğun deyildi. İndi Fransa prezidenti hər dəfə özünün köhnə səhvlərini düzəltməyə cəhd göstərərkən yeni səhvlər edir ki, bu da əlbəttə onun siyasi karyerasında özünü göstərəcək. Digər tərəfdən, bu Fransanın beynəlxalq imicinə də mənfi təsir göstərir”.

“Emmanuel Makron və Nikol Paşinyan çox oxşar siyasi personajlardır”

Deputat bildirib ki, Paşinyanın siyasi hakimiyyətə yiyələnməsində Koçaryan-Sarqsyan hakimiyyətinin “xidmətləri” nə qədər böyükdürsə, Makronun da siyasi hakimiyyətə yiyələnməsi onun şəxsi keyfiyyətləri ilə deyil, məhz Fransada millətçi hərəkatın rəhbəri Marin Lö-Penin reytinqinin birdə-birə çox yüksəlməsi ilə bağlıdır:

“2017-ci ildə Fransa seçiciləri “kim olursa olsun, təki millətçilər hakimiyyətə gəlməsin” məntiqi ilə Makronu prezident seçiblər. Fransa cəmiyyətinin bu günkü narazılıqları da bu baxımdan təbiidir.

İkincisi, həm Paşinyan, həm də Makron populist siyasətçilərdir. Populistlər öncədən təmin edə bilməyəcəkləri “xoşbəxt gələcək” haqqında yalan vədlər verməklə seçiciləri ələ almaq, seçkilərdə qalib gəldikdən sonra isə hakimiyyətdə olduqları bütün müddət ərzində düşdükləri mürəkkəb vəziyyətlərdən çıxmağa çalışan siyasi dələduzlardır. Bir çox hallarda onlar diktatora çevrilirlər. Hitler də millətçi populizmin dalğasında hakimiyyətə gəlmişdi və aqibəti məlumdur”.

Cavanşir Feyziyev populistlərin ən yaxşı halda öz xalqına və dövlətinə heç bir fayda vermədən siyasi səhnəni tərk etdiklərini vurğulayıb:

“Bəzi hallarda isə öz xalqına elə böyük bəlalar gətirilər ki, sonralar seçicilər uzun müddət onları lənətlə yad edirlər. Bütün bunları biz həm Ermənistanın, həm də Fransanın xarici siyasətində aydın görürük. Paşinyanla Makronun İrəvanda təşkil etdikləri banket zamanı və daha sonra Paşinyanın Şuşada öz silahdaşları ilə birlikdə qol-boyun olub rəqs etdiklərini xatırlayırsınız. Bütün bunlar ikrah hissi doğurur və hər iki liderin siyasi naşılığının göstəricisidir”.