Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) İrana qarşı apardığı “uğurlu” əməliyyata görə baş nazir Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampı təbrik etməsi ilə bağlı yalan məlumatlar yayan saxta “Facebook” səhifəsinin sahibini aşkar edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, “aparılmış əməliyyat-axtarış tədbirləri yolu ilə yanlış məlumatın yayıldığı “Diana Arutyunyan” adlı ermənidilli saxta səhifənin sahibinin kimliyi müəyyən edilib. O, MTX-yə gətirilib və gördüyü əməllə bağlı izahat verib”.
MTX, həmçinin qeyd edir ki, “saxlanılan şəxslə bağlı videogörüntü də yerləşdirilib və videogörüntüdə həmin şəxs yalan məlumatları Ermənistanın nüfuzuna xələl gətirmək üçün yaydığını deyib. Belə ki, saxlanılan şəxs müxalifətçi baxışa malikdir və sabiq prezident Robert Koçaryanın həbsini ədalətli hesab etmir”.
Qeyd edək ki, bundan bir qədər əvvəl N.Paşinyan onun adından ermənidilli “Facebook” səhifəsində ABŞ Prezidentinə ünvanlanmış yalançı təbrikin yayıldığını və bu təbrikin saxta olduğunu bildirmişdi. Hətta erməni baş nazir bir qədər də irəli gedərək təbrik məktubunun Azərbaycan mediası tərəfindən trendə çevrildiyini və buradan da İran KİV-inə ötürülərək tirajlandığını iddia etmişdi.