Polis özünü “12 ci imam Mehdi” elan edən şəxsi həbs edib –

"İmam" xeyli adamdan pul qoparıb (VİDEO)
24 Avqust 2021 - 11:12

Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməklə onların külli miqdarda pulunu mənimsəyən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirildiyini bildiriblər.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib. Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.

Qeyd olunub ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aqil Babayevin törətdiyi qanunsuz əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.