Polis təhqiqatçına zor tətbiq edən Goranboy sakini saxlanılıb

05 Sentyabr 2020 - 15:10

Sentyabrın 3-də Goranboy rayon polis şöbəsinin əməkdaşına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan APA-ya bildirilib ki, araşdırmalarla həmin gün saat 21.00 radələrində Goranboy rayonu ərazisində rayon sakini Natiq Şirinovun ailəsində münaqişənin baş verməsi ilə bağlı daxil olmuş məlumat əsasında hadisə yerinə getmiş Goranboy rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvü Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Əliyevə qarşı Natiq Şirinov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Natiq Şirinova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə, o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.