Polşa, Ukrayna, Estoniya, Latviya və Litva birgə bəyannamə imzalayıb

03 May 2021 - 18:31

Polşa, Ukrayna, Estoniya, Latviya və Litva prezidentləri Varşavada birgə bəyannamə imzalayıblar.

Ukrayna Prezident Ofisi xəbər verir ki, Polşa Konstitusiyasının yaradılmasının 230 illiyi mərasimində iştirak edən dövlət başçıları imzaladıqları birgə bəyannamədə ölkələrdə azadlıq, suverenlik, ərazi bütövlüyü, demokratiya, qanunun aliliyi, bərabərlik və həmrəyliyi dəstəkləməyin lazım olduğunu bildiriblər.

“Keçmişin təcrübəsini xatırladaraq, bölgədəki mövcud əməkdaşlığımızın uğurlarından qürur duyuruq, çətinlikləri anlayırıq, gələcəyə ümid bəsləyirik. Avropada köklənmiş ortaq irsimizin və ortaq evimizin uğurlarına inandığımızı bildiririk. Sivilizasiya Avropanın da bir ev kimi təməl dəyərlər və prinsiplər üzərində qurulmasını tələb edir. İnanırıq ki, hamımız üçün xalqlarımızın həmrəyliyi xüsusilə ümumi təhlükəsizliyimizə yönəlmiş müasir təhdidlər qarşısında sülhün, sabitliyin, inkişafın, çiçəklənmənin və davamlılığın təməl daşlarından biridir. Bu inamı rəhbər tutaraq dövlətlər arasında dialoqa və əməkdaşlığa davam edəcəyik”, – deyə sənəddə qeyd olunur. (Azərtac)