Prezident Administrasiyası ilə ilk dəfə deputat seçilmiş millət vəkilləri arasında görüş keçirilib

07 Oktyabr 2020 - 18:07

Oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Milli Məclisin deputatları arasında “Dövlət idarəçiliyində siyasi-hüquqi islahatlar və icra hakimiyyəti ilə qanunverici hakimiyyət arasında əməkdaşlığın yeni mərhələsi” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Parlamentin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin Sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilən görüşə parlamentə ilk dəfə seçilmiş deputatlar qatılıblar.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın son günlərdə cəbhə xəttində törətdiyi hərbi təxribatlar və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları barədə məlumat verib. Spiker bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuzun əks hücum əməliyyatları zamanı əldə olunan möhtəşəm qələbələr hər birimizdə fəxarət və qürur hissi yaradır: “Düşmənin bütün təxribatlarının qarşısı alınır, onlara layiqli şəkildə cavab verilir. Eyni zamanda, diplomatiya sahəsində də Azərbaycan dövləti erməni təxribatlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü iş aparır. Milli Məclis olaraq biz də bu məsələdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Ötən günlər ərzində Milli Məclis adından beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə müraciətlər göndərilib, Milli Məclisin sədri kimi mənim bir sıra ölkələrin parlament rəhbərləri ilə çoxsaylı telefon danışıqlarım olub”.

Daha sonra konfransda müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Sədri qeyd edib ki, son illərdə Azərbaycanda bir çox sahələri əhatə edən geniş islahatlar həyata keçirilir. Xüsusilə, ötən il möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sistemli, kompleks xarakterli islahatlar ölkəmizin dinamik inkişafını təmin edib. Azərbaycanın iqtisadi imkanları genişlənib, buna paralel olaraq sosial sferada inqilabi qərarlar qəbul olunub. Bu qərarlar vətəndaşların həyat standartlarının əsaslı şəkildə yüksəlməsinə imkan verib. Qlobal pandemiyanın tüğyan etdiyi cari ildə də Azərbaycan dövləti sosial dövlət fəlsəfəsinə sadiq qalaraq, vətəndaşlarının yanında olub, heç bir sosial proqramı ixtisar etməyib.

Azərbaycanda siyasi və iqtisadi islahatların paralel şəkildə aparıldığını vurğulayan Spiker bildirib ki, bu islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Sahibə Qafarovanın sözlərinə görə, islahatlar çərçivəsində siyasi sistemin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Ölkəmizdə demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi əsas məqsədlərdən biridir. Hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya yaranıb. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti formalaşıb. Altıncı çağırış Milli Məclisdə aparılan islahatlar da siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib.

Spiker həmçinin Milli Məclisə ilk dəfə seçilən deputatların parlamentin işində, qanun yaradıcılığı prosesində fəal iştirak etdiklərini, seçicilərlə işin düzgün əsaslarda qurulmasında fəallıq göstərdiklərini də bildirib. Sahibə Qafarova Milli Məclisə ilk dəfə seçilən deputatlar arasında gənclərin də üstünlük təşkil etdiyini bildirərək qeyd edib ki, bu da ölkəmizdə gənc kadrlara geniş imkanların yaradılması, onların idarəetmədə irəli çəkilməsi ilə bağlı atılan addımların daha bir uğurlu nəticəsidir.

Sonra Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə davamlı surətdə aparılan siyasi-hüquqi islahatlar barədə danışıb, yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində indiyədək görülmüş işlər haqqında ətraflı məlumat verib. O, dövlət başçısının bilavasitə təşəbbüsü və rəhbərliyi ilə milli birliyə nail olmaq üçün atılan addımları qeyd edib, siyasi partiyalarla müntəzəm iş aparıldığını və sağlam əməkdaşlıq qurulduğunu, ölkədə yeni siyasi mədəniyyətin təşəkkül tapdığını diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, bu gün siyasi partiyalar dövlətçiliyimizin təməl prinsiplərinin müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə milli birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda siyasi partiyaların 32 illik fəaliyyəti tarixində 51 partiyanın ilk dəfə olaraq vahid təşəbbüslə çıxış etməsi, ölkə Prezidentinin Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda fəaliyyətini birmənalı dəstəkləməsi, onun haqlı mövqeyini və həyata keçirdiyi bütün tədbirləri sonadək müdafiə edəcəklərini yekdilliklə ifadə etməsi xüsusi vurğulanıb.

Qanunvericilik hakimiyyəti ilə əlaqələrin mövcud vəziyyətinə toxunan Ə.Vəliyev VI çağırış Milli Məclisin formalaşmasında qeydə alınmış mütərəqqi yeniliklərə diqqət çəkərək ötən müddət ərzində parlamentə sağlam, demokratik mühit gətirildiyini, onun işində dönüş yarandığını və nüfuzunun həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kifayət qədər yüksəldiyini qeyd edib. Qanunverici orqanın fəaliyyətinin icra hakimiyyəti ilə qarşılıqlı əlaqələndirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışan şöbə müdiri deputatların yerlərdə vətəndaşlarla işinin yüksək səviyyədə təşkili üçün icra hakimiyyəti orqanlarına aidiyyəti tapşırıqların verildiyini bildirib. Eyni zamanda, vətəndaş məmnunluğunun daha da yüksəldilməsi məqsədilə deputatlar tərəfindən seçicilərlə fəal iş aparılması ilə bağlı mövcud gözləntiləri diqqətə çatdırılıb.

Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qətiyyətlə irəlilədiyi bu günlərdə hər kəsin milli birlik, ruh yüksəkliyi və döyüş əzmi nümayiş etdirməsi barədə danışan natiq, ölkə Prezidenti ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalq-dövlət birliyinə, həmrəyliyimizə önəmli töhfələr verdiyini vurğulayıb. Ə.Vəliyev, həmçinin dövlət başçısının müxtəlif çıxışları, bəyanatları, müsahibələri ilə Ermənistanın işğalçı siyasətini dünya birliyi qarşısında tutarlı faktlarla ifşa etdiyini qeyd edərək, vətəndaş məsuliyyəti hiss edən hər kəsin bu istiqamətdə son dərəcə təəssübkeş davranmasının vacibliyini xatırladıb.

Daha sonra deputatlar Əminə Ağazadə, Elnur Allahverdiyev, Nigar Arpadarai, Kamal Cəfərov, Elşad Mirbəşiroğlu, Etibar Əliyev, Tural Gəncəliyev, Nurlan Həsənov, Arzu Nağıyev, Afət Həsənova və Fatma Yıldırım çıxış ediblər. Çıxışlarda son illər dövlət başçısı tərəfindən ölkəmizdə aparılan siyasi-hüquqi, institusional və kadr islahatları, bu islahatların gətirdiyi müsbət dəyişikliklər, habelə Milli Məclisin bu prosesdə yeri və rolu, fəaliyyətinin perspektivləri, eləcə də qanunverici hakimiyyət ilə icra hakimiyyəti arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətləri təhlil edilib, aidiyyəti təkliflər verilib. Deputatlar, həmçinin ərazi bütövlüyümüzün bərpa olunduğu bu şərəfli günlərdə Ali Baş Komandanın yanında olduqlarını, onun atdığı bütün addımlara dəstək verdiklərini və bu işi bütün imkanlarını səfərbər etməklə inamla davam etdirəcəklərini diqqətə çatdırıblar.

Tədbirin sonunda bu qəbildən olan görüşlərin davamlı təşkilinin faydalı olacağı qeyd edilib.