Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparır.
APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.
Baş nazir deyib ki, artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə anlaşma imzalandığını əlavə edib:
“Bütün bu layihələrin həyata keçirilməsinin, investisiyaların yatırılmasının ən əsas özəlliyi Azərbaycanın hadisələri qabaqcadan görməsi və çağırışlara çevik reaksiya verməsidir”.
O eyni zamanda qeyd edib ki, məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilib:
“Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir”, – Baş nazir əlavə edib.
“Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərini aydın göstərir.
Belə ki, “Güclü iqtisadiyyat ən önəmli şərtdir” deyən Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artmışdır. Bu, son iki onillikdə qlobal miqyasda əldə olunan ən yaxşı iqtisadi nailiyyətlərdən biridir”, – Əli Əsədov deyib.