Prezident Bayden Trampın bir sıra qərarlarını ləğv edib

21 Yanvar 2021 - 13:16

ABŞ Prezidenti Co Bayden yanvarın 20-də and içəndən sonra Donald Trampın bəzi əsas siyasi təşəbbüslərini ləğv edən fərmanlar imzalayıb.

Buraya immiqrasiya, iqlim dəyişikliyi, koronavirus pandemiyası ilə mübarizə sahəsində sənədlər daxildir. Bayden 12-dən artıq əsasən müsəlman və Afrika ölkəsindən ziyarətçilərə səyahət qadağasını qaldırıb, ABŞ-Meksika sərhədində divar tikintisini dayandırıb. Daha bir memorandumla Daxili Təhlükəsizlik Departamenti və Baş Prokurora göstəriş verilir ki, ölkəyə uşaq ikən gəlmiş miqrantları deportasiyadan qoruyan proqramı qüvvədə saxlasın.

Bayden Birləşmiş Ştatların Paris iqlim sazişinə qayıtmasıyla bağlı fərmanı da imzalayıb. Avropadakı müttəfiqlər bu qərarı alqışlayıb, bunun Birləşmiş Ştatların iqlim dəyişikliyi ilə qlobal mübarizədə kömək göstərəcəyini deyiblər.

Son dövrlərin yalnız iki prezidenti vəzifədə olduqları ilk gündə sərəncamlar imzalayıb. Bayden isə daha təcili hərəkətə keçməli olub.

46-cı prezident Ağ evə Birləşmiş Ştatlar üçün asan keçməyən dönəmdə daxil olur. Ölkə siyasi baxımdan dərindən parçalanıb, irqi gərginlik yüksəkdir, iqtisadiyyat pandemiyadan əziyyət çəkir, bir sıra müttəfiqlərlə münasibətlər soyuyub.