Prezident İlham Əliyev:

“Faşist cinayətkarlarını qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə qınayırıq”
07 May 2020 - 14:55

“Tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi ilə bağlı həqiqəti təhrif etmək və faşizm və faşist cinayətkarlarını qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə qınayırıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu mövzuda bir çox forumda açıq çıxış edib: “O cümlədən də mən dəfələrlə öz mövqeyimi bildirmişəm. Deməliyəm ki, bu mövqe Azərbaycan ictimaiyyəti tərəfindən tam dəstəklənir. Əlbəttə, bizim üçün bir sıra ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesinin baş verməsi tamamilə qəbuledilməzdir. Bir müddət əvvəl görünürdü ki, elə mütləq həqiqətlər var ki, onların sübuta ehtiyacı yoxdur. Böyük Vətən müharibəsi tarixi də bunlardan biri idi. Təəssüflər olsun ki, bəzən müəyyən dairələrin tarixi həqiqətlərin təhrif olunması, Sovet İttifaqının İkinci Dünya müharibəsində Qələbədə rolunun azaldılması və faşizmin qəhrəmanlaşdırılması ilə bağlı koordinasiya olunmuş səylərini görürük. Bu tendensiya dayandırılmalıdır. Ancaq birgə səylərlə, o cümlədən Böyük Vətən müharibəsi zamanı baş verən həqiqətləri gələcək nəsillərə çatdırmaqla biz bunu edə bilərik”.

Azərbaycan Prezidenti qeyd edib ki, gələcək nəsillər həqiqəti bilməlidirlər, onlar vətənpərvərlik ruhunda, əcdadlarının qəhrəmanlıq ruhunda tərbiyə olunmalıdırlar.

“Əlbəttə ki, bir sıra ölkələrdə baş verənləri, İkinci Dünya müharibəsi abidələrinə münasibətdə vandalizm aktlarını görəndə, faşistlərə abidələrin ucaldılmasını görəndə, bu nifrət və ikrah hissi doğurur. Bunları keçmiş SSRİ məkanında, MDB məkanında görmək isə xüsusən xoşagəlməzdir. Axı Sovet İttifaqı faşizm üzərində ümumi Qələbə uğrunda ən böyük qurban verib. Ona görə də bu tendensiyalar qınanmalı, bu cəhdlər dayandırılmalıdır.

Düşünürəm ki, dünya liderləri bu barədə daha açıq danışmalıdırlar. Mən artıq dəfələrlə bu məsələləri qaldırmışam, o cümlədən MDB ölkələrinin sonuncu sammitində, harada ki, müzakirə olunan mövzulardan biri məhz bizim Böyük Qələbəmizin qeyd olunmasına, Qələbənin yubileyinə hazırlıq idi. Mən qeyd etdim ki, təəssüflər olsun ki, Ermənistanda faşist cinayətkarların qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Bunu konkret misallarla göstərdim: faşist cəlladı və cinayətkar, Njde təxəllüsü ilə məşhur olan Qaregin Ter-Arutyunyana Ermənistanda bir neçə il bundan qabaq 6 metrlik abidə qoyulub.

Bu adamın cinayətləri sübuta yetirilib. Yeri gəlmişkən, bu barədə Qələbənin 70 illiyi ərəfəsində Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən nəşr olunan sənədlərdə sübut olunub. Bu o adam idi ki, müharibə vaxtı demişdi: “Almaniya üçün kim ölürsə, Ermənistan üçün ölür”. Bu o adam idi ki, onun diversiya fəaliyyəti çoxsaylı itkilərə gətirib çıxarıb. Təsadüfi deyil ki, o, müharibə bitəndən sonra “SMERŞ” tərəfindən həbs olunub, 25 il məhkum edilib və Vladimir həbsxanasında ölüb. Ermənistanda belə bir adama altı metrlik abidə ucaldılır, hansı ki, açılışında prezident iştirak edir, bu ölkənin sabiq prezidenti. Bu məsələni qaldıraraq mən MDB-dən olan həmkarlarımın diqqətini ilk növbədə özümüzdəki, öz təşkilatımızdakı məsələyə yönəltmək istədim. Biz burada siyasi düzgünlük, seçicilik, kimisə incitmək istəməmək prinsiplərinə əsaslanmamalıyıq. Doğrunu söyləməliyik, əks təqdirdə bu təşkilatın formatındakı müzakirələr düzünü desək öz mənasını itirəcək. Ümid edirdim ki, Ermənistanın yeni rəhbərliyi, hansı ki, özünü demokrat kimi təqdim etməyə cəhd edir, mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin, təəssüflər olsun ki, əksini gördüm: erməni nümayəndə heyətinin rəhbəri, baş nazir bu cinayətkarı qorumağa başladı. Deyir ki, Ter-Arutyunyanın düşərgələrdə olma faktının heç bir əhəmiyyəti yoxdur, axı Soljenitsın də düşərgələrdə olub. Bilirsiniz, mən protokolu pozdum, yenidən söz aldım və dedim ki, bu, Soljenitsini faşist əlaltısı ilə müqayisə etmək sinizmin zirvəsidir. Bütün bunlar böyük təəccüb və çaşqınlıq doğurur, eləcə də Ermənistanda hakimiyyətin dəyişə biləcəyini, lakin rejiminin mahiyyətinin əvvəlki kimi qalması fikrinə gətirib çıxarır. Deməliyəm ki, cinayətkar, faşist Njdeyə xatirə lövhəsi Rusiya Federasiyasının Armavir şəhərində də ucaldılmışdı. Ancaq mən bu məsələni dövlət başçılarının sammitində qaldırandan və kütləvi informasiya vasitələrində əksini tapandan sonra bu lövhə söküldü. Ağlabatan sual yaranır: məgər Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanı olmayıb? Nəyə görə erməni kilsəsi yaxınlığında xatirə lövhəsi onlara deyil, faşist cinayətkara qoyulub? Bunu necə başa düşək? Bu məsələlər geniş müzakirə olunmalıdır, seçicilik olmadan, siyasi düzgünlük olmadan, birbaşa və dəqiq. Hər bir ölkə bu mövzuya öz münasibətini bildirməlidir. Əgər, bir tərəfdən Ermənistanda deyirlər ki, onlar Qələbənin yubileyini qeyd edəcəklər, digər tərəfdən isə faşistin abidəsinə çiçəklər qoyacaqlar, onda bu, ən azından ziddiyyətlidir, əslində riyakarlığın təzahürüdür”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.