Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020 - 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli xanım Prezident, 

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli təmaslar, siyasi, iqtisadi və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin səciyyəvi cəhətlərindəndir. Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəkdir.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yaratdığı bu çətin zamanda da Azərbaycan xalqının Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim rifah diləyirəm”.