Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suraxanıda ağac əkdilər

10 May 2020 - 15:14

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər.

Dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb.

Qeyd edək ki, Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də təhlükəli tullantılarla çirkləndirilmiş keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu olub. Bu ərazi əvvəllər ekoloji normalara və tələblərə uyğun gəlməyib. Görülən işlər nəticəsində hazırda ərazinin ekoloji durumu normalara tam uyğunlaşdırılıb.

Burada icra olunan layihənin birinci mərhələsində – 2018-2019-cu illər ərzində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizlənib, drenaj və suvarma sistemləri qurulub, əraziyə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilməklə geniş meşə-park salınıb. Hazırda həmin ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsinin icrası prosesi davam etdirilir. 2020-ci il ərzində təmizlənmiş ərazilərdə Abşeronun iqliminə uyğunlaşdırılmış Eldar şamı, Avropa zeytunu, Həmişəyaşıl sərv, Arizona sərvi və digər həmişəyaşıl ağac kol növlərinə aid, ümumilikdə, 82 min tingin əkilməsi planlaşdırılır. Layihənin icrası Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı şəhəri istiqamətində, Zığ şossesi boyu hər iki istiqamət yaşıllıq zolağı olacaq.