Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində muxtar respublikanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, Zəngəzur dəhlizi, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və idarəetmə ilə bağlı çox mühüm açıqlamalar verib.
Prezidentin müsahibəsində Naxçıvanın Azərbaycanın əsas hissəsi, Qarabağ və Şərqi Zəngəzurla daha sıx iqtisadi və nəqliyyat əlaqələrinin qurulması xüsusi yer tutub.
İlham Əliyev Naxçıvanın təhlükəsizliyinin prioritet olaraq qalacağını bildirib. Prezident vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir və Naxçıvanda hərbi potensial daha da gücləndiriləcək.
Müsahibədə Naxçıvan Sənaye Parkının yaradılması mühüm iqtisadi layihələrdən biri kimi təqdim olunub.
Dövlət başçısının fikrincə, Naxçıvan elektrik enerjisi ixrac edən mərkəzə çevrilə bilər.
İlham Əliyev Naxçıvanın enerji təhlükəsizliyinin artıq təmin edildiyini, qarşıdakı mərhələdə isə əsas hədəflərdən birinin enerji ixracı olduğunu bildirib. Prezident hesab edir ki, Naxçıvanda yalnız Günəş enerjisinin istehsalı ən azı 500 meqavat, hətta 1000 meqavat səviyyəsinə çata bilər. Enerjinin Türkiyə və İrana, gələcəkdə isə Avropa bazarlarına ixracı imkanları nəzərdən keçirilir.
Zəngəzur dəhlizi ilə bağlı əsas mesaj: “Vaxt itirmək olmaz!”
Müsahibənin ən mühüm hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Prezident bildirib ki, Azərbaycan bu layihənin reallaşdırılması istiqamətində artıq praktiki mərhələyə keçib və TRIPP layihəsinin icrasına start verilib. Azərbaycan ərazisində həm avtomobil, həm də dəmir yolu infrastrukturunun yaradılması davam etdirilir.
Horadiz–Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu bildirən Prezident dəmir yolu tikintisinin də sürətlə getdiyini qeyd edib.
İlham Əliyev Naxçıvan dəmir yolu ilə bağlı mühüm rəqəmlər açıqlayıb.
Hazırda mövcud dəmir yolunun yükaşırma qabiliyyəti 1,5 milyon ton təşkil edir. Lakin Azərbaycanın hədəfi bu göstəricini ən azı 15 milyon tona çatdırmaqdır. Yeni texniki-iqtisadi əsaslandırmaya əsasən Naxçıvan ərazisində dəmir yolunun uzunluğu 194 kilometr olacaq. Prezident bildirib ki, Azərbaycan öz vəsaiti hesabına bu layihəni reallaşdırmaq imkanına malikdir və prosesin uzadılmasını istəmir.
Digər mühüm mesaj budur: Naxçıvan dəmir yoluna xarici investorlar cəlb edilə bilər. Prezident beynəlxalq şirkətlərin və investorların layihədə iştirakına açıq olduqlarını da açıqlayıb.
Onun sözlərinə görə, Naxçıvan dəmir yolunun reabilitasiyası üçün beynəlxalq konsorsium yaradıla bilər. Lakin əsas şərt nəzarət paketinin Azərbaycan dövlətinə məxsus olmasıdır. Avropa İttifaqının nümayəndələrinin də Naxçıvana gələrək layihə ilə tanış olduğu bildirilib.
Zəngəzur dəhlizi təkcə dəmir yolu olmayacaq.
Prezidentin açıqlamalarında diqqət çəkən məqamlardan biri də dəhlizin çoxşaxəli layihə kimi nəzərdən keçirilməsidir. Zəngəzur dəhlizi çərçivəsində dəmir yolu, avtomobil yolu, elektrik xətləri, fiber-optik kabellər, gələcəkdə neft-qaz kəmərləri yaradıla bilər.
İlham Əliyev Naxçıvanın gələcəkdə böyük nəqliyyat mərkəzinə çevriləcəyini bildirib. Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olmaqla yanaşı, Şimal-Cənub marşrutuna da yeni imkanlar yaradacağı qeyd olunub.
Prezidentin sözlərinə görə, Naxçıvan üzərindən İran ərazisinə və daha sonra Fars körfəzi istiqamətinə yeni nəqliyyat bağlantısı yarana bilər. 15 milyon ton və daha çox yükün daşınması Naxçıvanda iqtisadi fəallığı, məşğulluğu və biznes imkanlarını ciddi şəkildə artıra bilər.
Digər mühüm mesaj: Prezident Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisi vasitəsilə Naxçıvana elektrik xəttinin çəkilməsi layihəsinin hazır olduğunu bildirib. Cəbrayıl rayonunda bu məqsədlə böyük yarımstansiyanın artıq inşa edildiyi qeyd olunub. İlham Əliyev Ermənistan ərazisində elektrik dirəklərinin quraşdırılacağı yerlərin də müəyyənləşdirildiyini bildirib və prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Prezidentin sözlərinə görə, Naxçıvanın enerji potensialı yalnız daxili tələbatı ödəməklə məhdudlaşmır. Türkiyə və İran istiqamətində mövcud elektrik bağlantılarının imkanlarının genişləndirilməsi, gələcəkdə isə Avropa bazarına çıxış imkanları nəzərdən keçirilir.
Prezident müsahibəsində Naxçıvanın inkişafına daha geniş strateji yanaşmanı da açıqlayıb. Onun sözlərinə görə, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid konsepsiya əsasında inkişaf etməlidir.
Bu yanaşma yalnız iqtisadi və infrastruktur layihələrini deyil, idarəetmə modelini də əhatə edir. Prezidentin xüsusi nümayəndəliyi modelinin Naxçıvanda tətbiq edildiyi və bunun struktur islahatlarının bir hissəsi olduğu bildirilib.
Prezidentin əsas strateji mesajı isə budur: Naxçıvan yeni regional mərkəzə çevrilir.
Prezidentin müsahibəsindən çıxan əsas nəticə ondan ibarətdir ki, Naxçıvanın inkişafı artıq yalnız muxtar respublikanın daxili sosial-iqtisadi məsələsi kimi deyil, regional əhəmiyyət daşıyan strateji layihə kimi nəzərdən keçirilir.
Bu strategiyanın əsas sütunları isə təhlükəsizlik, enerji müstəqilliyi, sənayeləşmə, nəqliyyat dəhlizləri, enerji ixracı, kənd təsərrüfatı,turizm və müasir idarəetmə istiqamətləridir.
Xaqani SƏFƏROĞLU