Almaniya iqtisadi inkişaf baxımından Avropa məkanında aparıcı rol oynayır. Hazırkı səfər Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaların yaranma ehtimalı yüksəkdir.
Digər tərəfdən nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilmsəinə yönəlmiş təşəbbüslərdir.
Azərbaycan Avropa Birliyinə böyük həcmdə qaz nəql edir. Gələcəkdə bu nəqlin miqdarı dəfələrlə artırıla bilər. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda bu sahədə Azərbaycanın rolu daha da önə çəkilir. Bu, tək enerji təhlükəzsizliyində deyil, nəqliyyat-logistika sahəsində də özünü göstərir.
Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Azərbaycan Avropa Komissiyası üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Bu illər ərzində əldə etdiklərimizin bu səviyyədə qiymətləndirilməsi böyük nailiyyətdir. Azərbaycan gələcəkdə də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək. Neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır
Hesab edirəm ki, Prezidentin Almaniya səfəri ikili münasibətlərə təkan verəcək. Bundan başqa, Almaniya ilə Azərbaycanın hərtərəfli əməkdaşlığı hər iki tərəf üçün olduqca faydalıdır. Eyni zamanda, Qarabağda yenidənqurma və quruculuq işlərinin getdiyi bir vaxtda almaniyalı iş adamları və biznesmenlərilə Prezident İlham Əliyevin görüşü, eləcə də ölkəmizin iqtisadi dividentliyi və işğaldan azad edilən bölgələrin turizm potensialı ilə bağlı təqdimatın keçirilməsi vacib əhəmiyyətə malikdir. Bu, həm də bərpa-quruculuq işlərinə Alman şirkətlərinin cəlb edilməsi baxımından önəmlidir.
Bildiyiniz kimi Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start verilib. Proqramı tərtib edilib və ilk sınaq layihəsini artıq həyata keçirilmişdir. Müharibə bitdikdən sonra cəmi ilyarım ərzində 400-dən artıq məcburi köçkün öz yerlərinə qayıdaraq məskunlaşıb. Planda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaq prioritet olaraq yer tutur. Bu səfərdən sonra Almaniyanın Azərbaycana investisiyalarını artıracağını gözləyə bilərik. Çünki, Azərbaycan hazırda mühüm geosiyasi faktor kimi böyük bir coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar atmaqdadır.
Əminə Ağazadə
Milli Məclisin deputatı