Müdafiə Nazirliyi ilə münaqişə və Baxmut uğrunda döyüş “Vaqner”in qurucusu Yevgeni Priqojini Rusiya prezidenti Vladimir Putindən daha populyar edib.
Azpost.info info xəbər verir ki, “Google Trends” və “Yandex Wordstat”ın axtarış sorğularının statistikasına görə, may ayında ruslar Priqojin haqqında internetdə daha çox məlumat axtarıblar. Bu göstərici Putin haqqında axtarılan xəbərlərdən iki dəfə çox olub.
Priqojinə maraq onun Rusiyanın hərbi rəhbərliyini sərt tənqid etməsindən sonra başladı. Bu maraq mayın sonunda pik həddə çatdı.
“Google Trends”in məlumatına görə, mayın 28-dən iyunun 3-dək Priqojinin populyarlığının dinamikası 100 bal səviyyəsində (ən yüksək göstərici) olub. Putinin populyarlığı isə cəmi 28 bala çatıb.
“Yandex Wordstat”a görə, may ayında Priqojin haqqında məlumat 744 min dəfə axtarılıb (əvvəlki rekord yanvarda olub – 498 min). Eyni zamanda, “Vladimir Putin” sorğusu üzrə axtarışların sayı 305 min olub ki, bu da “Yevgeni Priqojin” sorğusundan 2,4 dəfə azdır.
Azpost.info