“Priqojinin ilk planı Rostovda Şoyqu və Gerasimovu ələ keçirmək idi”- “The Wall Street Journal”

Yevgeni Priqojin Rusiyanın cənubuna səfəri zamanı rus hərbi rəhbərliyini ələ keçirməyi planlaşdırmışdı.

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” Qərb rəsmilərinə istinadən yazıb.

“Vaqner” rəhbərinin səriştəsizlikdə, prezident Vladimir Putini aldatmaqda ittiham etdiyi müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov Rostov vilayətinə səfər etməli idilər. Qərb rəsmilərinə görə, FTX Priqojinin bu niyyətindən iki gün əvvəl xəbər tutub. Buna görə də Priqojin əməliyyatına daha tez başlamalı olub.

Nəşrə danışan məlumatlı mənbənin sözlərinə görə, kommunikasiyaların kəsilməsini və peyk görüntülərini təhlil edən Qərb kəşfiyyatı Priqojinin planlarını əvvəlcədən öyrənib. Onların fikrincə, planın uğur qazanmaq şansı çox idi, lakin ifşa olunduğu üçün uğursuzluğa düçar olub. Buna görə Priqojin yolda improvizasiya etməli olub və Rostovun tutulmasına, sonra isə Moskvaya “ədalət yürüşünə” başlayıb.

Qərbdəki kəşfiyyat məlumatlarına görə, “Vaqner”in Rostovdakı hərbi obyektləri asanlıqla ələ keçirməsi qiyamda bəzi ordu komandirlərinin əli ola biləcəyini göstərir. Priqojin öz niyyətlərini yüksək rütbəli zabitlərlə bölüşüb. Qərb rəsmilərinin iddialarına görə, onların arasında Ukraynadakı rus qruplaşmasının komandirinin müavini general Sergey Surovikin də olub. Surovikinin Priqojinin planları barədə məlumatı FTX-ya ötürüb-ötürmədiyi və ümumiyyətlə, xüsusi xidmət orqanlarının məsələdən necə xəbər tutduğu məlum deyil.

Surovikinin Priqojinin hərbi rəhbərliyə qarşı qiyam planlarını əvvəlcədən bildiyini kəşfiyyat məlumatlarından xəbəri olan ABŞ rəsmilərinə istinadən “The New York Times” da yazıb. Nəşr qeyd edib ki, indi amerikalılar Surovikinin qiyamı planlaşdırmağa kömək edib-etmədiyini öyrənməyə çalışırlar.

Azpost.info

Əvvəlki məqalə

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlanıb –

Sonrakı məqalə

“Ukraynadakı münaqişə diplomatiya yolu ilə başa çatacaq”