Puçdemonun ekstradisiyası təxirə salındı

- Məhkəmə qərarı
29 Oktyabr 2019 - 14:14

Brüssel məhkəməsi 2017-ci ildə regionun müstəqilliyinin elan edilməsinə uğursuz cəhddən sonra Belçikaya sığınan Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemonun İspaniyaya ekstradisiyası barədə qərar çıxarılmasını dekabrın 16-dək təxirə salıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, məhkəmə instansiyası müdafiənin cinayət işi ilə bağlı yeni materialları diqqətlə araşdırmaq xahişini nəzərə alıb və kataloniyalı siyasətçinin azadlıqda qalmasına qərar verib.

Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum baş tutub. Oktyabrın 21-də konstitusiyanın həmin vaxta qədər istifadə olunmayan 155-ci maddəsi işə salınaraq, Karles Puçdemon və muxtariyyətin hökumət üzvləri vəzifədən kənarlaşdırıb. Bundan sonra Kataloniyanın liderlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, parlamentin sabiq üzvlərinə və separatçı ictimai təşkilatların başçılarına qarşı qiyamın təşkili, həmçinin dövlət vəsaitinin israf edilməsi ittihamı üzrə cinayət işləri açılıb,

Bir müddət öncə İspaniya Ali məhkəməsi müstəqillik barədə referendumun təşkilində və müstəqilliyin elan olunmasında iştirak edən 12 siyasətçi barəsində hökm çıxarıb. Qiyamda günahkar bilinən doqquz nəfər 9 ildən 13 ilədək həbs cəzasına məhkum edilib, üç nəfər isə itaətsizliyə görə cərimələnib. Məhkəmə, həmçinin Karles Puçdemonun həbsinə yeni beynəlxalq order verib.