“Səhiyyə müəssisələrinin nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil”.
Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. O qeyd edib ki, pulsuz səhiyyə özünü doğrultmayıb: “Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək”.
R.Əliyev bildirib ki, nazirlik dövlətin səhiyyə siyasətini daim yürüdür və yürüdəcək.
O vurğulayıb ki, tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.
“İstər xəstələnmə, istər ölüm göstəricisinə, istərsə də əlilliyə görə qeyri-infeksion xəstəliklərin yükü digər yoluxucu xəstəliklərdən yüksəkdir”-deyə Rahim Əliyev bildirib.
Onun sözlərinə görə, dünya üzrə əhalinin yaşlanma göstəricisi artır: “Bu, yoluxucu xəstəliklərlə mübarizənin nəticəsidir. Buna baxmayaraq, qeyri-infeksion xəstəliklərin yükü artır. Hazırda bu xəstəliklərə diqqət artıb. Dünyada 70 yaşa qədər əhali arasında qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 44 faizdir. Azərbaycanda isə bu göstərici bir qədər artıqdır. Belə ki, ölkədə qeyri-infeksion xəstəliklərdən ölüm göstəricisi 48 faizdir. Yüksəkgəlirli, inkişaf etmiş ölkələrdə bu göstərici 30 faizə çatmır, 26 faizdir”.