Putin Astanada Tokayevlə görüşəcək- Nələr müzakirə olunacaq?

Oktyabrın 14-də Astanada “Mərkəzi Asiya-Rusiya” beynəlxalq sammiti keçiriləcək. Həmin gün Qazaxıstanın paytaxtında MDB Dövlət Başçıları Şurasının iclası da öz işinə başlayacaq. Tədbirlər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan lideri Kasım-Jomart Tokayev arasında görüş olacaq.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tokayev daha əvvəl bildirmişdi ki, ölkəyə gələn rusların sayının artması ilə əlaqədar Rusiya tərəfi ilə tezliklə danışıqlar aparacaq. Onun sözlərinə görə, Qazaxıstan miqrantların qayğısına qalmağa və onların təhlükəsizliyini təmin etməyə hazırdır.

Qazaxıstan lideri hesab edir ki, bu çətin vəziyyətdə insanlıq, səbir və təşkilatçılıq nümayiş etdirmək lazımdır. Tokayev onu da qeyd edib ki, xaricdən gələn qonaqlara yardım göstəriləcək, lakin onlara heç bir üstünlük verilməyəcək.

Bundan sonra Qazaxıstan Daxili İşlər Nazirliyinin rəhbəri Marat Axmetjanov yerli hakimiyyət orqanlarının qismən səfərbərlikdən yayınanları Rusiya hakimiyyətinə müəyyən şərtlər daxilində təhvil verəcəyini bildirib. Belə ki, vətəndaş beynəlxalq axtarışa verilərsə və Rusiyada ona qarşı cinayət işi başlanarsa, ekstradisiya baş tutacaq. Eyni zamanda, şəxsin ittiham olunduğu əməl Qazaxıstanda da cinayət hesab edilməlidir.

Azpost.info

 

Əvvəlki məqalə

Bakıda məktəbli qızlara liderlik təlimləri keçiləcək

Sonrakı məqalə

Buzovnada 33 yaşlı Valeh Qədəşov əmisini bıçaqla öldürüb