Azərbaycan Cənubi Qafqazda regional təhlükəsizliyi formalaşdıran ölkədir. Bu dövlət dünya nizamının yenidən qurulması dövründə Rusiyanın cənub sərhədlərində yeni təhlükəsizlik arxitekturasının təmin edilməsinin müzakirəsi üçün ən məntiqli tərəfdaşdır.
Bu fikirləri AZƏRTAC-a politoloq, “Vestnik Kavkaza” agentliyi baş direktorunun müavini Andrey Petrov Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin yekunlarını şərh edərkən bildirib.
Ekspert deyib: “Burada İlham Əliyev amilini, onun Vladimir Putinlə dostluq münasibətlərini nəzərə almamaq mümkün deyil. Yəni, Vladimir Putin güclü beynəlxalq siyasətçi İlham Əliyevlə danışıqlara yollanıb. Rusiya lideri Azərbaycan Prezidenti ilə razılığa gələcəyini və bu razılaşmaların yerinə yetiriləcəyini bilir”.
Onun fikrincə, Azərbaycan Rusiya üçün yalnız Cənubi Qafqazda deyil, daha geniş regionda regional təhlükəsizliyin bünövrəsidir. “Bu, həm Azərbaycanın regiondakı problemlərini müstəqil şəkildə həll etməsi, həm də sülh gündəmini daim inkişaf etdirməsi ilə bağlıdır. Axı təkcə güclü oyunçu deyil, həm də sülhsevər aktor olmaq çox vacibdir. Azərbaycan bu keyfiyyətlərin hər ikisini özündə cəmləşdirir. Bu siyasət İlham Əliyevin qonşuları və bütün geniş regionla münasibətlərin qurulmasına sağlam tərzdə yanaşmasına əsaslanır”.