Putin NATO ölkələrinə qarşı yeni “Gera­n-5” PUA-larından istifadə edə bilər

Rusiya Prezidenti Vladimir Putinin NATO ölkələrinə qarşı yeni yüksək sürətli zərbə dronları olan “Geran-5”dən istifadə imkanını ciddi şəkildə nəzərdən keçirdiyi iddia olunur.

Azpost.info bildirir ki, bu barədə Daily Express Avropanın bir sıra liderləri arasında münaqişənin qlobal eskalasiyası ilə bağlı artan narahatlıqlara istinadən yazıb.

NATO-nun şərq cinahı ilə bağlı narahatlıq

Polşanın Baş naziri Donald Tusk Rusiyanın Ukraynaya fəal dəstək verən ölkələrə qarşı genişmiqyaslı raket-dron hücumları həyata keçirə biləcəyini istisna etməyib.

Tuskun fikrincə, Moskva bununla NATO-nun kollektiv müdafiəni nəzərdə tutan Vaşinqton müqaviləsinin 5-ci maddəsinin praktikada nə dərəcədə işlədiyini yoxlamağa cəhd göstərə bilər.

Xəbərdə xüsusi diqqət “Geran-5” dronlarına yönəldilir. İddiaya görə, bu aparatların 90 kiloqrama qədər döyüş başlığı daşımaq, əvvəlki nəsillərlə müqayisədə daha yüksək sürətlə uçmaq və 960 kilometrdən artıq məsafə qət etmək imkanları var.

Fransa Prezidenti Emmanuel Makron da Rusiyanın mümkün addımları ilə bağlı xəbərdarlıqları əsaslı hesab etdiyini bildirib.

Ukraynada yeni dronların istifadəsi

Məlumata görə, Rusiya qüvvələri Ukrayna cəbhəsində reaktiv dronları da sınaqdan keçirir. Bu proses Ukraynanın hava hücumundan müdafiə vasitələrinin çatışmazlığı ilə bağlı məlumatların yayıldığı bir dövrə təsadüf edir.

Müharibəni izləyən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitik hesabatlarında “Geran-4” və “Geran-5” reaktiv aparatlarının Ukraynanın radar sistemlərinə qarşı istifadəsinin artdığı qeyd olunur.

Xəbərdə bildirilir ki, Rusiya qüvvələrinin əsas hədəflərindən biri payız-qış mövsümü ərəfəsində Xarkov, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərində hava məkanına nəzarət edən radar sistemlərinin sıradan çıxarılmasıdır.

Ekspertlərin qiymətləndirməsinə görə, Ukrayna qüvvələrinin reaktiv hədəflərə qarşı istifadə edə bildiyi vasitələr arasında əsasən “hava-hava” tipli raketlər dayanır və onların sayı məhduddur.

Bununla yanaşı, Ukrayna tərəfi yeni mübarizə üsullarından da istifadə edir. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl yerli istehsal olan dron-interseptorun Rusiya istehsalı reaktiv dronu məhv etdiyini göstərən görüntülər yayımlamışdı.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.