Putin və Makron Qarabağı müzakirə edib

03 İyul 2021 - 00:15

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı beynəlxalq məsələlərdə Rusiya və Fransanın əməkdaşlığı ətraflı müzakirə olunub.

Avropa qitəsində sabitlik və təhlükəsizlik problematikasına xüsusi diqqət ayrılıb. Ukraynanın cənub-şərqindəki münaqişə, Liviya münaqişəsi və Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib.

Putin fransalı həmkarını Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci tarixli üçtərəfli razılaşmaların reallaşmasının gedişatı barədə məlumatlandırıb. Qeyd olunub ki, Rusiya sülhməramlılarının mövcudluğu sayəsində regionda vəziyyət stabil olaraq qalır. Normal təsərrüfat fəaliyyətinin qurulması, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün ilkin şərtlər yaradılıb.

Rusiya Prezidenti regionun hərbi əməliyyatlardan zərər çəkən əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların və xüsusilə Fransanın daha yaxından iştirakının zəruriliyinə diqqəti çəkib. ATƏT-in Minsk Qrupu daxil olmaqla, Qarabağ məsələsinin nizamlanmasının müxtəlif aspektləri üzrə koordinasiyaya qarşılıqlı hazırlıq ifadə edilib.