Qətlə yetirilmiş 10 yaşlı Nərminin atası:"İstintaqdan, axtarışlardan razıyam"

 Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev qızının itkin düşəndən sonra aparılan axtarış tədbirlərindən razıdır.

O, BBC News Azərbaycancaya bildirib ki, qızı itkin düşəndən bəri polis kənddə olub: “İstintaqdan, axtarışlardan razıyam, məni narahat etməyin”.

10 yaşlı Nərmin Quliyeva noyabr ayında itkin düşüb. Yanvarın 6-da isə kənddə onun yandırılmış meyiti tapılıb. Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş Nərmin çərşənbə günü dəfn edilib. Baş Prokurorluq istintaq getdiyini, zərurət yarandığı halda ictimaiyyətə məlumat veriləcəyini deyir.

Hadisə kənd sakinlərini “vahiməyə” salıb, sakinlər deyirlər.

Kənddə yaşayan Şərqiyyə Mehdiyeva BBC News Azərbaycancaya deyib ki, əhali tezliklə qatilin tapılmasını istəyir: “Bu hadisə bizə çox pis təsir edib. Narahatıq ki, qatil tapılmasa, bu hadisə təkrar oluna bilər. Bilmək istəyirik ki, bunu kənd sakinimi törədib, ya yad adam”, -kənd sakini Şərqiyyə Mehdiyeva deyib.

Onun sözlərinə görə, noyabr ayından uşağın itkin düşmə xəbəri yayılandan bəri kənddə axtarışlar başlayıb: “Evlərimizi gəzdilər, yarımçıq tikililərə baxdılar, maşını olanların maşınlarının seriyası qeyd olundu. Bizdən soruşdular ki, tanımadığınız adam görmüsünüzmü, şübhələndiyini kimsə varmı”, kənd sakini bildirib.

“Uşaqları məktəbə maşınla aparırıq”

Övladı, qətlə yetirilmiş Nərmin Quliyeva ilə paralel sinifdə oxuyan Afət Musayeva deyir ki, uşaq itən gündən “vahimə içərisindədirlər”. O bildirib ki, evi məktəbə yaxın olan əksər valideynlər uşaqlarını məktəbə özləri aparıb-gətirirlər: “Evi uzaqda olanlar uşaqları məktəbə maşınla aparıb gətirirlər. Axtarış aparılanda bizə it gətirmədilər, ancaq avtomobillərə baxdılar. Uşağın yaşadığı küçəyə yaxın olan evlərdə itlə axtarış aparıblar”, -kənd sakini Afət Musayeva deyib.

“Hüquq mühafizə orqanları araşdırma aparır, hər şey nəzarət altındadır, narahatlığa heç bir əsas yoxdur”, -deyə Tovuz icra hakimiyyəti başçısının müavini Təranə Bayramova BBC News Azərbaycancaya deyib və əlavə edib ki, onlar Nərminin ailəsiylə mütəmadi əlaqə saxlayırlar. Dondar Quşçu kənd icra nümayəndəsi Samir Hüseynov BBC News Azərbaycancaya deyib ki, polis ərazidə iş aparır və uşağın meyiti tapılan küçədə yaşayan sakinləri dindirir.

O deyir ki, hadisə elə onların evində də qorxu var: “Qorxu hamıda var, elə bizim uşaqda da. Bütün şöbə [polis] burdadır, iş gedir. Tapılıb yoluna qoyulmalııdır. Tapılmalıdır, vəssalam”, o deyir. Azyaşlı Nərmin Quliyevanın “qəsdən öldürülməsi” ilə bağlı cinayət işi başlanıb.

2018-ci ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda məişətdə baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: “Bunlardan 112 faktda qadın özünü öldürüb. Onlardan 11-i azyaşlı qızlar” olub, DİN sözçüsü BBC-ə bildirib.

Rəsmi statistikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət zorakılığı üzrə cinayət halları 700-dən çox, 2018-ci ildə isə 700-ə yaxın olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Ukrayna təyyarəsinin raketlə vurulması ehtimalını təkzib edib

Sonrakı məqalə

Tramp İrana qarşı yeni sanksiyaların artıq qüvvəyə mindiyini açıqlayıb