“Biz bu gün o qədər zəifləmişik ki, istənilən qonşu ölkə bizi işğal edə bilər”.
Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Robert Koçaryan erməni KİV-lərinə müsahibəsində bildirib.
Koçaryanın sözlərinə görə, Ermənistan öz sərhədlərini müdafiə edə bilmir: “Özünü müdafiə edə bilməyən ölkənin statusu necə olur? Biz Süniki (Zəngəzuru) yalnız bir səbəbə görə itirmədik. Buna görə, Rusiya hərbi bazasına minnətdar olmalıyıq. Belə ölkələri protektorat adlandırırlar. Bu gün Ermənistan Cənubi Qafqazda Rusiyanın protektoratıdır. Ona görə ki, təhlükəsizliyimizi Rusiya təmin edir”.
Koçaryan deyib ki, hazırkı iqtidar Ermənistanı hərbi-siyasi müttəfiqdən Rusiyanın protektoratına çevirib.
Sabiq prezident Rusiya sülhməramlılarının fəaliyyətinə də toxunub. Onun fikrincə, sülhməramlılar Qarabağda separatçı rejimin “dövlətçiliynə” son qoyub: “Qarabağda təhlükəsizliyi rus sülhməramlıları təmin edirsə heç bir dövlətçilikdən danışmaq olmaz”.
Koçaryanın sözlərinə görə, Qarabağın separatçı qurumunun “dövlətçiliyindən” yalnız qırıntılar qalıb.
Eks-prezidentin sözlərinə görə, müharibədə Ermənistan 3 milyard dollar itirib.