Qafqazı ağladan “Dolya vorovskaya” –Kino üçün yazılmış mahnı qəmli elegiyaya necə çevrilib? (VİDEO)

Sovet İttifaqında kütləvi mahnılar ciddi nəzarətdə idi. Televiziyada yalnız yüksək musiqi tələblərinə cavab verən müğənnilər buraxılırdı.

SSRİ-də musiqi ideoloji təbliğatın mühüm rıçaqlarından sayılırdı. Lakin bütün qadağa və təqiblərə baxmayaraq xalq arasında kütləvi şöhrət qazanmış yüngül mahnılar sürətlə yayılırdı. Sovet təbliğatı belə mahnıları oxuyanları “ara müğənniləri” adlandırır, onları həddi aşmamaq üçün daim nəzaətdə saxlayırdı.

Belə mahnılardan biri də Qafqazda 70-ci illərdə həddən çox populyar olmuş “Dolya vorovskaya” mahnısı olub. Kasetlərdə, toylarda şöhrət qazanmış bu qüssəli mahnı həbsxana divarlarında yatmış, həyatda bəxti gətirməmiş adamların himni sayılırdı.  Uzun illər mahnının kim tərəfindən yazılması naməlum idi. Mahnı həvəskarları bunu gah erməni şanson müğənisi, bakılı Bokanın yazdığını iddia edir, bir qismi isə azərbaycanlı şanson Aydınçikin bəstələdiyini deyirdilər.

Boka özü müsahibələrində deyir ki, populyarlaşmasında “Dolya Vorovskaya”nın böyük rolu olub. 70-ci illərdə, Daşkənddə ziyafətlərdən birində Boka “Dolya vorovskaya”nı oxuyub. Və bu zaman məclisdə iştirak edən qonaqlardan biri gizlicə onun səsini yazıb: “Bir neçə gündən sonra Daşkənddə hamı avtomobilində “Dolya vorovskaya”ya qulaq asırdı. Mahnı bütün Özbəkistana yayılmışdı. O ziyafətdə səsimi yazmasalar belə, başqa birində mütləq yazacaqdılar. Bundan sonra müxtəlif məclislərdə iştirak etməyimə baxmayaraq, çoxluq “Dolya vorovskaya”nı sifariş edirdi”.

Azərbaycanlı şanson Aydınçik isə (Aydın Vəliyev) illər əvvəl lent.az-a verdiyi açıqlamasında “Dolya vorovskaya”nın ilk dəfə  Atarik adlı türkmən müğənnisindən eşitdiyini deyib: “ 1976-cı ildə gənc yaşlarımda Türkmənistanın Krasnovodsk (İndiki Türkmənbaşı-F.M) şəhərinə getmişdim. “Karavan” və başqa mahnıların müəllifi Atarik adlı türkmən balası var idi. Mən “Dolya Vorovskaya”nı birinci dəfə Krasnovodskda onun ifasında eşitmişəm. Dəqiq bilirəm ki, bu mahnının müəllifi Atarikdir. Eşitdim, xoşuma gəldi, “zapis” elədim. Daha sonra da mahnını Bakıda ifa etdim, gözlənilmədən tanındım. Mahnı mənim ifamda daha çox bəyənildi, daha çox qəbul olundu. Şayiələr gəzməyə başladı ki, guya “Dolya vorovskaya” mənimdir”. Mahnının mətnini olduğu kimi saxladığını qeyd edən Aydınçik ona əlavələr edib.

Amma əslində “Dolya vorovskaya” ilk dəfə 1959-cu ildə “Gürcüstanfilm”in istehsal etdiyi, rejissor Levan Xotivarinin “Bənddə əhvalat” (“Sluçay na plotine”) filmində səslənib. Mahnının bəstəkarı Bidzina Kvernadzedir. Amma nədənsə, bu fakt heç vaxt üzə çıxmayıb.

“Dolya vorovoskya” mahnını indiyə qədər bir çox məşhurlar oxyuyub. Hətta unudulmaz sovet şansonu Vladimir Vısotski də qeyri-rəsmi məclislərdə “Dolya vorovskaya”nı ifa edib.

Mahnı bu gün də toylarda ifa edilir.

 

Azpost.info

 

https://youtu.be/mkswancZj_I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mətbuat Şurası “qara siyahı”nı ləğv etdi

Sonrakı məqalə

Ziyad Əliabbas oğlu Səmədzadə-