Qan təzyiqini bu vasitələrlə dərmansız aşağı salmaq mümkündür

08 İyun 2021 - 10:16

Hipertoniya yaşlı, cavan bilmədən, bütün dünyada əksər insanı narahat edən problemidir. Bu xroniki xəstəlik arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur. 

Bəzən hipertoniyanı “səssiz qatil” də adlandırırlar. Çünki xəstəlik ilkin mərhələdə konkret əlamətlərlə özünü göstərmir. Nəticədə, insult və ya infarktın inkişafına gətirib çıxara bilir.

Lakin hipertoniyanı ilkin mərhələdə aşkarlamaq olar. Bunun üçün qan təzyiqini nəzarətdə saxlamaq lazımdır. Əgər qan təzyiqinizdə yüksəlmə olursa, bu, artıq siqnal sayıla bilər. Deməli, siz təzyiqinizi normada saxlaya, beləcə, hipertoniyanın qarşısını ala bilərsiniz. Bəs yüksək təzyiqi dərmansız aşağı salmağın yolları hansılardır?

Həkimlər dərman qəbul etmədən qan təzyiqini aşağı salmağın mümkün olduğunu deyirlər. Bunun üçün ilk növbədə, siqaret və spirtli içkilərdən imtina edilməlidir. Gündəlik çay və qəhvəni də az içmək lazımdır.

Yüksək təzyiqi olanlar bədən çəkilərini normaya salmalıdırlar. Bədən çəkisini azaltmaqla təzyiqi normallaşdırmaq mümkündür. Gündəlik fiziki aktivliyi artırmaq, həftədə 4 dəfə və hər dəfə 30-40 dəqiqədən az olmayaraq yerimək məsləhət görülür. Bu, ürək əzələlərini gücləndirir, ürək-damar sisteminə müsbət təsir edir və çəkinin azalmasına köməklik göstərir.

Digər vacib şərt düzgün və sağlam qidalanmaqdır. Duzlu qidaların qəbulu məhdudlaşdırmalı, dəniz məhsullarına, kalium və maqneziumla zəngin qidalara üstünlük verilməlidirlər. Kalium və maqnezium ionları damar tonusunu normallaşdırır, diurezi (sidiyə getmə) artırır, xolesterinin miqdarını azaldır.

Fındıq, qara gavalı, portağal, naringi, kələm, kartof, qara qarağat, süd, kəsmik kaliumla, noxud, soya, lobya, üzüm, əncir, itburnu, iydə, qarğıdalı maqneziumla zəngin meyvə-tərəvəzlər sayılır.

Qan təzyiqi yüksək olanların diqqət etməli olduğu bir məqam da stressdən uzaq olmaqdır. Əsəbilik, gecələr narahat və az yatmaq, yaxşı dincəlməmək də qan təzyiqinin artmasına səbəb ola bilər.