Azərbaycan xalqının tarixinə qanlı faciə, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 31 il keçir. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hər il dərin hüznlə yad edir.
Ötən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində Bakıda olduğu kimi, ölkəmizin bölgələrində də milli azadlıq hərəkatı geniş vüsət almışdı.
Sovet ordusu azadlıq mücahidlərinin səsini boğmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə tanklar yeritdi. Yanvarın 24-də Cəlilabad rayonunda həbslər aparıldı, yanvarın 25-də Neftçala rayonunda iki nəfər həlak oldu. Yanvarın 26-da isə sovet ordusu Lənkəran şəhərinə girdi. Rus ordusunun burada törətdiyi vəhşiliklər nəticəsində 6 nəfər rayon sakini qəddarlıqla qətlə yetirildi.
Qanlı Yanvar günlərində sovet ordusu tərəfindən qətlə yetirilən lənkəranlı mücahidlərdən biri də Tariyel Abdullayevdir.
Tariyel Abdullayevin qardaşı, “20 Yanvar” İctimai Birliyi Lənkəran rayon şöbəsinin sədri Yusif Abdullayev qanlı Yanvar günlərində sovet ordusunun Lənkəranda törətdiyi vəhşilikləri ürəkağrısı ilə xatırlayır.
Həmin günlər Lənkəranda sovet hakimiyyətinə qarşı etiraz mitinqlərinin keçirildiyini vurğulayan Y.Abdullayev azadlıq hərəkatının üzvlərinin şəhərdə qırğın törədilməməsi üçün Haftoni meşəliyinə çəkildiyini bildirib: “Sovet ordusunun çoxlu sayda hərbi qüvvəsi meşədə onları mühasirəyə aldı. Həmin gecə Haftoni meşəliyində 5 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi. Həbs olunanlardan biri isə helikopterlə Bakıya aparılarkən yolda boğularaq öldürüldü”.
Ailəsinin qardaşının ölümündən uzun müddət xəbərsiz olduğunu söyləyən Y.Abdullayev daha sonra deyib: “Lənkərandan Bakıya vertolyotla 45 əsir apardılar. Qardaşım Tariyel də onların arasında idi. Fevralın 8-də Respublika Dəfn Komissiyasının köməyi ilə qardaşımın Bakıya aparılarkən məftillə boğulduğunu və Salyanski kazarmanın yanında kimsəsiz kimi atıldığını, iki gün “Təzəpir” məscidində saxlanıldığını, yanvarın 31-də isə Şəhidlər xiyabanında “Əli” adı ilə dəfn olunduğunu öyrəndik. Fevralın 11-də Bakıda qardaşımın dəfn mərasimini keçirdik…”
Bütün bu qırğınlara, sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq, insanların haqq səsini, azadlıq istəyini boğmaq mümkün olmadı. Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən bu qırğınlarda xalqımız qurbanlar versə də, onun mübarizə əzminin qırılmaz olduğunun sübut etdi.
Bu gün müstəqilliyimiz etibarlı əllərdədir. Ölkəmizdə bütün şəhid ailələri, o cümlədən 20 Yanvar şəhid ailələri hər cür dövlət qayğısı ilə əhatə olunub. Şəhid ailələri ev, mənzil, maşınla təmin edilib, onlara fərdi təqaüdlər, pensiyalar verilir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları ən uca zirvəyə – şəhidlik zirvəsinə ucalaraq əbədiyyətə qovuşublar…
Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə on bir nəfər lənkəranlı şəhid olub. Onlardan 5-i Bakıda, 6-sı isə Lənkəranın Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsinə möhtəşəm abidə kompleksi ucaldılıb, şəhərin küçələrinə onların adları verilib, məzarları ətrafında abadlıq-bərpa işləri görülüb. (Azərtac)