2014-cü ilin fevralında Ukrayna prezidenti Viktor Yanukoviçin devrilməsindən sonra ölkənin Şərqində – Donetsk və Luqans vilayətlərinin ərazisində separatçı hərəkat baş qaldırdı. Qısa müddətdə silahlı mübarizə fazasına keçən hərbi əməliyyatlar həmin vilayətlərin ərazisinin bir hissəsaində separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” kimi qondarma rejimlərin bərqərar olmasına yol açdı.
Rəsmi Kiyevi rusdilliləri sıxışdırmaqda ittiham edən separatçıların sırasında yerli sakinlərlə yanaşı, Rusiyadan gələn çoxsaylı könüllülər və hərbçilər də az deyildi. 2015-ci ildə hərbi əməliyyatlar Minsk razılaşması hesabına müvəqqəti dayandırıldıqdan sonra Donetsk və Luqansk yerli komandirlərin hakimiyyətə gəldiyi ərazilərə çevrildi.
Separatçı “Donetsk Xalq Respublikası”nın hərbi rəhbərliyini gözdən keçirdikdə orada bir çox maraqlı personajlarla üzləşmək olar. Azərbaycanlı oxucu üçün belə personajlardan ən diqqətçəkəni milliyətcə azərbaycanlı olan, Qarabağ müharibəsinin iştirakçısı, Donbasda Ukrayna hakimiyyətinə qarşı separatçıların tərəfində vuruşan və Azərbaycanda törətdiyi çoxsaylı cinayətlərə görə axtarışa verilən Eldar Orucovdur.
Eldar Orucov 1964-cü ildə Moskva şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Burada orta məktəbi bitirdikdən sonra Moskvada Piroqov adına Tibb İnstitutuna daxil olub. Hərbi xidmətini keçmiş SSRİ-nin ən elit qoşun növü sayılan Hərbi Desant Qüvvələrində keçib. Bundan sonra ikinci ali təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakultəsində alıb.
Qarabağ münaqişəsi başladıqdan sonra 1992-1993-cü illərdə Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) kəşfiyyat-diversiya qrupunun komandiri olub. 1993-cü ildə Bakını tərk edərək, Moskvaya qayıdıb. 1994-cü ilin dekabrında Bakıda həbs olunub. O, 1998-ci ildə azadlığa çıxaraq, Rusiyaya köçüb.
Eldar Orucov (Xasanov) 2000-ci ildən sonra tədricən rus millətçi dairələrinə yaxınlaşıb. Məhz bu təsirlərin nəticəsində o özünü kommunist və rus xalqının müdafiəçisi kimi təqdim etməyə başlayıb.
2006-cı ildə Moskvada “Azad Azərbaycan” adlı ekstremist təşkilat yaradaraq, Azərbaycan hakimiyyətini devirməyə çağırışlar edib. Paralel olaraq, Rusiyadakı kommunist təmayüllü ektremist hərbi birliklərlə təmasda olub. Bu zaman artıq o, Eldar Orucov deyil, Eldar Osmanoviç Xasanov adı ilə fəaliyyətə başlayıb.
E.Orucov 2014-cü ildə Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı İqor Strelkovla birlikdə Ukraynanın Şərqində qanunsuz hərbi birləşmələrin yaradılmasında iştirak edib. Onların dəstələri Ukraynadakı siyasi qarışıqlıqdan yararlanaraq, 2014-cü il aprelin 12-də Slavyansk şəhərini ələ keçirib. Bu zaman separatçıların sırasında vuruşan azərbaycanlı Slavyansk briqadasının Baş Qərargah rəisi təyin olunub. İyulda şəhər uğrunda qanlı döyüşlər qızışıb, İqor Strelkovun dəstəsi mühasirəyə düşüb. Mühasirəni yaran separatçılar Donetsk şəhərinə geri çəkilməyə məcbur qalıb. Döyüşlərdə aktiv iştirakına görə, Eldar Orucov “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” İqor Strelkov tərəfindən qondarma rejimin Baş Qərargah rəisi təyin olunub.
2014-2015-ci illərdə Eldar Orucov Slavyansk, Kramatorsk şəhərləri, Donets aeroportu uğrunda döyüşlərdə, Debaltsevo əməliyyatında iştirak edib. 2015-ci il fevralın 12-də Almaniya, Fransa, Ukrayna və Rusiya dövlət başçılarının imzası ilə Donbas bölgəsində atəşkəs elan edən “İkinci Minsk razılaşması” imzalanıb. Nəticədə, hərbi əməliyytalara son verilib.
Bundan sonra, Ukraynanın de-fakto nəzarəti əldən verdiyi Luqansk və Donetskdə yerli komandirlər arasında münaqişlər başlayıb. Bölgədə təsir dairələrinin bölüşdürülməsi, Rusiyadan daxil olan humanitar yardımın paylanılmasına və çoxsaylı sənaye müəssisələrinə nəzarətdən doğan bu qarşıdurma separatçıların rəhbəri İqor Strelkovun Rusiyaya qayıtmasına, bəzi komandirlərin sui-qəsd nəticəsində öldürülməasinə yol açıb. Bu müddət ərzində Eldar Orucov (Xasanov) proseslərdə aktiv iştirak edib, amma əsas himayədarı Strelkovun Donetski tərk etməsindən sonra bütün postlarını itirib. O, Donetsk və Luqanskda İqor Qirkinin informatoru kimi ad qazanıb.
2016-cı ildən isə Eldar Orucov yenidən yerli mətbuatın diqqətini cəlb etməyə başlayıb. Donbasda “Mixaylo” ləqəbi ilə tanınan Eldar Orucov Ukrayna əsirliyində olan separatçıları azad etmək üçün “Novosorriya” hərəkatında hərbi əsirlərlə bağlı yaradılmış komitəsinin yaradıcısı olub. Yarandığı gündən komitə Rusiya və digər postosvet ölkələrində separatçı hərəkəta rəğbət bəsləyən şəxslərdən ianə toplamağa başlayıb.
Hərbi əsirlərin hüquqlarının müdafiəsi ilə bağlı yaradılmış komitə ilk növbədə E.Orucovun 2014-cü ildə müharibə zamanı əsir düşmüş oğlunun Ukrayna həbsxanasından azad etmək məqsədi güdürdü. 2016-cı ildə onun oğlunun əslirlikdə öldüyü barədə məlumat verilib.
Hazırda Eldar Orucov Luqansk və Donetskdə hakimiyyətə gələnlərə qarşı tənqidi fikirlər səsləndirir. Onun açıqlamalarına Rusiya mətbuatında da geniş yer verilir.
2018-ci il avqustun 28-də Eldar Orucov Moskva şəhərinin mərkəzində, Petrovka 38 ünvanında saxlanılıb. O, Azərbaycan tərəfindən “qanunsuz silah dövriyyəsi, terrorçuluq, qəsdən sağlamlığa ağır zərər vurma, qanuni hakimiyyətin zorakılıqla ələ keçirilməsi və s. ağır cinayətlərdə ittiham olunur. Onun ekstradisiya olunması üçün Azərbaycan Baş Prokurorluğu lazımi sənədləri Moskvaya təqdim etsə də, Eldar Orucov bir müddət sonra polis idarəsindən azadlığa buraxılıb.
Eldar Orucov hazırda “Stalin alayı” təşkilatının sədri kimi fəaliyyət göstərir. Siyasi dünyagörüşlərinə görə, o özünü kommunist elan edib. (Modern.az)