Qarabağda dünyanı heyrətə salmış yeni türk PUA-ları gəlir –

Türkiyə "Akıncı" və "Aksungur"ların istehsalına başlayır (FOTOLAR)
02 Yanvar 2021 - 00:30

Türkiyənin milli hərbi sənayesi xüsusən Qarabağdakı 44 günlük müharibədəki roluna görə dünyanın gündəminə oturan “Bayraktar TB2” zərbə pilotsuz uçan aparatlarının ardınca taktiki-texniki göstəriciləri, zərbə imkanları daha yüksək olan yeni döyüş PUA-larının seriya istehsalına başlayır.

Virtualaz.org xəbər verir ki, qardaş ölkənin Müdafiə Sənayesi Başqanlığı 2021-ci ldə “Akıncı” və “Aksungur” zərbə pilotsuz uçan aparatlarının seriya istehsalının başlayacağı, onların Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil ediləcəyini açıqlayıb.

Türkiyə dronlarının “atası” hesab edilən Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar Holding” şirkətinin işləyib hazırladığı “Akıncı” və “Aksungur” faktiki olaraq döyüş təyyarələrinin daşıdığı özəlliklərə malikdir. Suriya və Liviyada hərbi əməliyyatların gedişatını dəyişdirən, Qarabağda Azərbaycan ordusunun qazandığı qələbədə önəmli payı olan “Bayraktar TB2” döyüş PUA-larından daha üstün göstəricilərə və imkanlara malik olan bu PUA-larTürkiyənin hərbi gücünü daha da artırmış olacaq. 2020-ci il ərzində “Baykar” mühəndisləri başda Selçuk Bayraktar olmaqla “Akıncı”nın müxtəlif şəraitlərdə sınaqlarını həyata keçiriblər, o cümlədən avtonom şəkildə, heç bir yerüstü idarəetmə sistemi olmadan enmə və qalxma funksiyalarını necə yerinə yetirdiyini yoxlayıblar.

“Akıncı” 4 ədəd ağıllı sursat daşıya bilən “Bayraktar”-dan fərqli olaraq daha çox faydalı yük (1350 kiloqram) daşıya bilir, o cümlədən peyk naviqasiya sistemlərinə, hava-hava radarlarına və adi halda insan gözü ilə belə təsbit edilməsi mümkün olmayan hədəfləri təsbit edən sensorlara malikdir. Bir-biri ilə əlaqəli çalışan 6 süni intellekt komptüteri ilə idarə olunur, bu kompüterlər sensorlardan alınan məlumatları analiz edərək qərar qəbul edə bilir və “Akıncı” hətta yerüstü komanda mərkəzi ilə əlaqəsi kəsilsə belə hədəfləri aşkar edib vurmaq, avtonom şəkildə uçuç həyata keçirərək bazaya geri dönmək imkanındadır.

“Akıncı” 40 min fut yüksəkliyə qalxa və 150 kilometrə qədər məsafəyə məlumatları ötürə bilir. Zərbə pilotsuz təyyarəsi Türkiyənin milli hərbi sənayesinin istehsalı olan MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, “Gökdoğan”, “Bozdoğan”, SOM-A kimi lazerlə hədəfə yönləndirilən ağıllı raketlərlə, bombalarla, o cümlədən “hava-hava” tipli raketlərlə təchiz olunacaq.  Başqa sözlə, “Akıncı” hava hədəflərini də avtonom şəkildə təsbit edib ona zərbə endirə bilir. “Akıncı” hədəflərə raket zərbəsi endirməklə yanaşı qırıcı-bombardmançıların daşıdığı özəlliyə-bombardman həyata keçirmək özəlliyinə də malikdir. Onun SOM-A raketini daşıması yüzlərlə kilometr məsafədə hava və yerüstü hədəfləri də vurmağa imkan verəcək. “Akıncı” o cümlədən coğrafi məlumatları təhlil edərək üzərində uçduğu ərazini də “tanıya” biləcək.

“Aksungur” çoxfunksiyalı kəşfiyyat-zərbə pilotsuz təyyarəsi isə Türkiyənin digər hərbi sənaye şirkəti TUSAŞ (Türkiyə Aerokosmik Sənayesi Şirkəti) tərəfindən işlənib hazırlanıb. 40 min fut yüksəkliyə qədər qalxa və 750 kiloqram faydalı yük daşıya, uzun müddət havada qala bilir. Bu da “Aksungur”da daha geniş imkanlara malik radar və kameralar quraşdırmağa imkan verir. “Aksungur”un hər qanadında 500, 300 və 150 kiloqram sursat daşımağa imkan verən asqılar yerləşdirilib.

“Aksungur” hücum vəzifəsi daşıyarkən 25 min fut yüsəklikdə 750 kiloqram faydalı yükslə 12 saat fasiləsiz havada qala bilir. Kəşfiyyat məqsədi ilə istifadə edildikdə isə 150 kiloqram faydalı yüklə 24 saat fasiləsiz uçuş həyata keçirir. 2020-ci ilin sentyabrında sınaq uçuşları zamanı “Aksungur” tam döyüş təchizatı ilə-ASELSAN tərəfindən istehsal edilən 12 ədəd MAM-L və MAM-C (müqayisə üçün qeyd edək ki, “Bayraktar” cəmi 4 ədəd belə raket daşıya bilir) ağıllı döyüş sursatları ilə havaya qalxıb və 12 saat fasiləsiz uçuş həyata keçirib.

Türkiyə milli hərbi sənayesi bu il silahlanmaya “HİSAR A+” hava hücumundan müdafiə sistemlərini də daxil edəcək. Bu, orta mənzilli və yüksək dəqiqlikli hava hücumundan müdafiə sistemidir və 2020-ci ildə sınaqları uğurla tamamlanıb, seriya istehsalı başlayıb.

Qeyd edək ki, qardaş ölkənin milli hərbi sənayesinin bu cür güclənməsi və dünyanı heyrətə salan pilotsuz təyyarələrin daha mükəmməl, daha güclü versiyalarını seriya  istehsalını başlatması həm də Azərbaycanın hərbi baxımdan güclənməsi deməkdir. Çünki şübhə yoxdur ki, Qarabağın azad edilməsinin ardınca öz ordusunu daha da gücləndirməyə, düşməni indi və gələcəkdə revanş fikrinə düşməkdən çəkindirmək üçün ən müasir silahlarla silahanmanı daha da genişləndirməyə hazırlaşır. Prezident İlham Əliyev bu haqda müharibənin bitməsindən dərhal sonra öz müraciətlərində bəhs edib.

Şübhə yoxdur ki, Azərbaycan silahlanma sahəsində bundan sonra daha çox Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək. Bu təkcə qardaşlıq münasibətlərindən irəli gəlmir, həm də Türkiyənin hazırda dünyanın ən güclü ordularını belə silahlanma konsepsiyasını dəyişdirməyə məcbur edən zərbə pilotsuz təyyarələri sahəsində praktiki olaraq dünya liderliyini ələ alması ilə bağlıdır. Bu baxımdan “Aksungur” və “Akıncı” zərbə pilotsuz təyyarələrinin seriya istehsalının başlamasından sonra onların ən birinci xarici müştərisinin elə Azərbaycan olacağı istisna deyil. (Virtualaz.org)