Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ”ın növbəti rəqibi bəlli olacaq.
İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Mərasim iki hissədən – Əsas yol və Çempionlar yolunun püşkatmasından ibarət olacaq.
Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”sinə uduzan “Qarabağ” Çempionlar yolunun püşkünü gözləyəcək. Burada iştirakçılar iki səbətə bölünəcək.
Səpələnmişlər səbətində Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan 5 komanda yer alacaq. Səpələnməmişlər isə Avropa Liqasının Çempionlar yolunun III təsnifat mərhələsinin 9 cütü və Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan “Lüdoqorets”lə “Tirana”dır. III təsnifat mərhələsinin 9 cütündən 8-nin tərkibi sentyabrın 17-də keçirilən görüşlərdən sonra dəqiqləşsə, bir matç başa çatdırılmayıb. “Ararat-Armeniya” – “Selye” cütü “Qarabağ”a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionu 8 cüt və ya 2 klubdan biri ilə üz-üzə gələcək.
Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Dinamo” (Xorvatiya)
“Dinamo” (Brest, Belarus)
“Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə)
Səpələnməmişlər
“Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Şerif” (Moldova) – “Dandalk” (İrlandiya) cütünün qalibi
“Ararat-Armeniya” (Ermənistan) – “Selye” (Sloveniya) cütünün qalibi
“Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) – “Seltik” (Şotlandiya) cütünün qalibi
“Kuopio” (Finlandiya) – “Suduva” (Litva) cütünün qalibi
“Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi
“Klasksvik” (Farer adaları) – “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi
“Yurqorden” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
“Floriana” (Malta) – “Flora” (Estoniya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)
Qeyd edək ki, III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.