Karxanada başına daş düşən fəhlə öldü –

Qaradağda
10 Mart 2021 - 10:57

Martın 6-da saat 11 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasının işçisinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən ərazidə Gülbaxt əhəng-daş yatağında yerləşən “Gülbaxt TMK” MMC-yə məxsus daş karxanasında daş yatağının açılması məqsədilə torpaq qatının ekskavatorla təmizlənməsi zamanı daş parçası hündürlükdən yuvarlanaraq yaxınlıqda yerləşən digər daş karxanasının işçisi, 1978-ci il təvəllüdlü Hüseynov Arzi Bəhramxan oğlunun üzərinə düşüb və nəticədə sonuncu hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.