Qazaxıstan Baş nazirinin müavini rüşvət ittihamını rədd edib- "10 mənzil ailəmə məxsusdur"

Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarinin adı rüşvət qalmaqalına qarışıb.

Azpost.info xəbər verir ki, yerli “Base” youtube kanalı Serik Jumanqarinin rüşvət kimi 10 mənzil aldığını bəyan edib və bunu təsdiq edən bir sıra sənədlər dərc edib.

Jurnalistlərə bugünkü açıqlamasında Baş nazirin müavini sözügedən mənzillərin ailəsinə məxsus olduğunu təsdiqləyib. Lakin Aktobe şəhərinin mərkəzində yerləşən məlum 10 mənzili rüşvət kimi aldığına dair məlumatları “böhtan və uydurma” adlandırıb.

Baş nazirin müavini bildirib ki, o, dövlət qulluğuna 35 ildən sonra gəlib, 2000-ci illərin ortalarına qədər biznes strukturunda çalışıb: “Bu evləri mənim ailəmə məxsus biznes strukturları tikib. Əvvəllər Aktobedə bu yerdə köhnə meşə təsərrüfatı var idi. Biz onu aldıq və 2007-ci ildə orada yaşayış kompleksinin tikintisinə başladıq. Təəssüf ki, pis vaxt idi – 2007-ci ildə ipoteka böhranı var idi. Orada böyük maliyyə resursları xərcləndi və tikinti dayandırılmalı oldu. O zaman şirkət kifayət qədər çətin vəziyyətdə idi, kredit yükü böyük idi”.

O, əlavə edib ki, 2011-ci ildə işləri qaydaya salmaq, borclardan qurtulmaq, o cümlədən bu evləri tamamlamaq üçün dövlət qulluğundan getməli olub.

Jumanqarin 2012-ci ildə investisiya şirkəti yaratdığını, investisiyalar cəlb etdiyini və bu evləri tamamladığını deyib: “Sonradan bu mənzillər satılmayıb və vergitutmanı optimallaşdırmaq üçün 2016-cı ildə bütün bu mənzilləri sadəcə özümüzə keçirmək qərara alınıb və burada qətiyyən cinayət yoxdur. Bəli, bu bizim mənzillərimizdir”.

53 yaşlı Serik Jumanqarin 2022-ci ilin sentyabrından Qazaxıstan Baş nazirinin müavini, eyni zamanda ticarət və inteqrasiya naziridir.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb

Sonrakı məqalə

“Saakaşvili ailəsinin Gürcüstanda 170 milyon dollarlıq əmlakı var”