Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Astanada Parlament Məclisinin iclasını açıb.
Martın 19-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Məclisdə yerləri hakim partiya və digər beş siyasi təşkilat tutub.
Azpost.info xəbər verir ki, seçkilər 2022-ci ilin yanvarında 200-dən çox insanın ölümünə və yüzlərlə insanın yaralanmasına və ya işgəncələrə məruz qalması ilə nəticələnən qanlı kütləvi etirazlardan bir ildən çox sonraya təsadüf edir.
Tokayev bu gün çıxışında hakimiyyətin siyasi islahatlar kimi təqdim etdiyi, lakin opponentlər tərəfindən kosmetik və avtoritar sistemin mahiyyətini dəyişdirməyən, hakimiyyətin konsolidasiyasına yönəlmiş administrasiyasının qərarlarını və qanunvericiliyə düzəlişləri müdafiə etməyə çalışıb. Onun sözlərinə görə, ötən il iki dəfə Konstitusiyaya etdiyi dəyişikliklər siyasi sistemin tam yenidən qurulmasına imkan verib.
“İndi prezident cəmi bir müddətə yeddi il seçilir. Parlamentin səlahiyyət və funksiyalarına yenidən baxılıb, deputatların rolu gücləndirilib. Konstitusiya Məhkəməsi yaradılıb. Kardinal islahatlar məhkəmə sistemini əhatə edib”, – Tokayev bildirib.
O, eyni zamanda “güclü prezident, nüfuzlu parlament, hesabatlı hökumət” tezislərini təkrarlayıb, əhalinin müxtəlif qruplarının parlamentdə təmsil olunduğunu bəyan edib və ölkədən qeyri-qanuni çıxarılan kapitalın geri qaytarılması ilə bağlı işin davam etdirildiyini deyib. Lakin prezident ölkəyə nə qədər pulun qaytarıldığını açıqlamayıb.
Tokayev səsvermə və səslərin hesablanması zamanı pozuntularla bağlı şikayətləri şərh etməyib, lakin bildirib ki, seçkilər zamanı konstruktiv tənqidlər, ağıllı təşəbbüslər səsləndirilib.
Onun sözlərinə görə, indiki seçki kampaniyası əvvəlkilərdən fərqli olaraq açıq olub və əsl rəqabət şəraitində keçib.
“Bütün partiyalara və namizədlərə bərabər imkanlar verilib. Parlamentdə ilk dəfədir ki, uzun müddət müxalifətdə olan siyasi təşkilat təmsil olunur. Əvvəllər parlament seçkilərini boykot edən və ya seçki baryerini aşa bilməyən Ümummilli Sosial Demokrat Partiyası Məclisdə 98 deputat mandatından dördünü alıb”, – Tokayev qeyd edib.
Çərşənbə günü parlament binasının yaxınlığında metal hasarlar quraşdırılıb. Səsvermənin nəticələrinə etirazlar fonunda təhlükəsizlik tədbirləri gücləndirilib.
Hazırkı parlament seçkiləri Tokayevin 2019-cu ildə prezidentliyə başlamasından sonra sayca ikincidir.
Azpost.info
