“Qazilərin hamısı psixoloji testdən keçirilməli və reabilitasiyaya cəlb olunmalıdırlar”-RƏY

Vətən müharibəsinin başa çatmasından iki ilə yaxın müddət keçib. Döyüşlər bitəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi qaydada şəhid ailələrinə, müharibə iştirakçılarına və ailə üzvlərinə psixoloji yardım göstərilməsi ilə bağlı xəbərlər yayır. Son zamanlar isə qazilərlə bağlı bəzi xoşagəlməz hadisələr baş verib.

Psixoloq Taryel Faziloğlu açıqlamasında bildirib ki, bir qazinin müharibə zamanı hansı travmaya məruz qalmasını öyrənmək üçün ətraflı psixoloji diaqnostika aparılmalıdır.

Onun sözlərinə görə, diaqnostika həm müsahibə, həm də testlər vasitəsilə həyata keçirilir: “Qazilərin davranışında müşahidə edilənlər post-travmatik streslərdir. Bunlar hamısı yoxlanılmalıdır. Bütün bunlarla yanaşı, qazinin psixoloji halının rəsmi, portreti çıxarılmalıdır. Portret hazırlanandan sonra diaqnoza uyğun olaraq seanslara cəlb edilməlidirlər. Seansların sayı şəxsin psixoloji vəziyyəti ilə bağlıdır. Amma minimum 24-30 seans həmin insanın psixoloji neytralizasiya olunmasına sərf edilir. Çünki psixoloji travmalar tamamilə ortadan qalxmır. Sadəcə neytrallaşdırıla bilir. Lakin qazinin ağır problemləri varsa, stress pozuntusu dediyimiz, müharibə sindromundan qaynaqlanan əlavə psixoloji pozuntuları ola bilər. Bunlara panik ataq, obsessiv kompulsiv pozuntu, şəxsiyyətin, dəyərlərin deqredasiyası, müxtəlif şəxsiyyət pozulmaları aiddir. Əgər bir şəxsdə belə problemlər varsa, seansların sayı uzana bilər”.

T.Faziloğlu bəzən insanların bir dəfə psixoloq yanına gedib nəticə almaq istədiklərini vurğulayıb: “Psixoloq minimum 3-4 seansı ancaq düzgün diaqnoz qoymağa sərf edir. Ondan sonra pasiyentin problemi aşkarlanaraq bəlli kateqoriyaya bölünür. Ona fərdi yanaşılaraq reabilitasiya proqramı hazırlanır. Psixoloq bu fəaliyyət planı üzərində həmin insanın problemi ilə məşğul olur. Psixoloqun yanına bir seansa getməklə heç nə əldə etmək olmaz”.

Psixoloq qazilərin, müharibə iştirakçılarının Vyetnam sindromundan deyil, post-müharibə sindromundan əziyyət çəkdiklərini qeyd edib: “Sadəcə olaraq post-müharibə sindromunun müxtəlif modelləri var. Amerikada Vyetnam, Rusiyada Əfqanıstan, Avropada Yuqavlasiya, ərəb dünyasında Ərəb baharı və Azərbaycanda Qarabağ modeli var. İnsanlar bu haqda məlumatsızdırlar deyə, Vyetnam sindromu deyirlər. Hətta hazırda da Rusiyada Əfqanıstan sindromundan əziyyət çəkirlər. Rusiyanın böyük şəhərləri kriminal qruplaşmaların idarəsi altındadır. Dövlət özü onlarla mübarizə aparmaqda çətinlik çəkir”.

Müharibə iştirakçıları ilə davranışla bağlı dünya təcrübəsindən danışan psixoloq deyib ki, həmin şəxslərin mütləq statistik məlumatları formalaşdırılmalı, data bazası hazırlanmalıdır: “Müharibə iştirakçılarının hamısı psixoloji testdən keçirilməlidir. Testlərin, məlumatların nəticəsində ən ağır vəziyyətdə olanlar təxirə salınmadan psixoloji reabilitasiyaya cəlb olunmalıdırlar. Reabilitasiya ilə yanaşı, sosial rifah, özünüməşğulluq proqramları tətbiq edilməlidir. İqtisadi rifahları üzərində durulmalıdır ki, problemlər həll edilsin”.

T.Fazilğolu söyləyib ki, Vətən müharibəsindən sonra insanlar uzun müddət qələbə eyforiyasında yaşadı: “Qələbə eyforiyası müharibə veteranı və qazilərə özlərini qanunlardan üstün görmə haqqı tanıdı. Onlar müharibədə qələbə çaldıqlarına görə özlərinin sanki bütün qanunlardan üstün olduqlarını düşünməyə başladılar. O düşüncəni onlara biz vermişik. Bu gün isə “siz niyə belə düşünürsüz?” deyə mübarizə aparırıq. Onlar ciddi şəkildə ikinci psixoloji travma yaşayırlar. Bu travmanın da aqressiv nəticələri olacaq”.

Əvvəlki məqalə

“Avropa bürokratiyası sovet bürokratiyasından daha pisdir”

Sonrakı məqalə

Rövşən Nəcəf SOCAR-ın prezidenti vəzifəsinə təyin edilib-