Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən vətəndaş cəmiyyəti təmsilçilərinin sayı artmaqdadır. Tanınmış vətəndaş cəmiyyəti fəallarından “Qərb-resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov da bu namizədliyini irəli sürüb. R.Göyüşov 107 saylı Qazax seçki dairəsindən namizədliyini qeyd alınması üçün imza vərəqələrini DSK-ya təqdim edib.
R.Göyüşov bildirib ki, “Qərb-resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İB uzun müddətdir ki, bölgədə fəaliyyət göstərir və əsas etibarı ilə sosial layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi sadə insanların, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə dəstək verilməsidir. İctimai Birliyə çoxsaylı müraciətlər daxil olur, insanlar öz problemlərini diqqətə çatdırırlar, dövlət orqanlarından digər ünvanlardan ümidsiz qayıdan vətəndaşlar üçün təşkilat öz imkanları çərçivəsində ictimai vəkillik edir.
Əhalinin üzləşdiyi problemləri müvafiq dövlət orqanları qarşısında qaldırır, həmçinin bölgənin iqtisadi inkişafı, insanların sosial rifahının yaxşılaşması üçün təkliflər, təşəbbüslər irəli sürür: “Vətəndaşlarımızın, yaşadığımız bölgənin problemlərinin həlli üçün effektiv ictimai vəkilliyə, problemlərin araşdırılması, çıxış yollarının təklif edilməsi, mövcud resurslardan səmərli istifadə olunması üçün təşəbbüskarlığa ehtiyac var. Vətəndaş cəmiyyəti, sədri olduğum İctimai Birlik artıq çox uzun müddətdir ki, bu istiqamətdə fəal işləyir, yerli sakinlər arasında bu fəaliyyətlərə görə etibar qazanıb. Növbədənkənar parlament seçkilərində iştirak etməyə qərar verməyimdə insanların müraciətləri, ictimai rəy liderlərinin tövsiyyəsi səbəb oldu. Seçki kampaniyasında insanların üzləşdiyi çətinlikləri, bölgənin problemlərinin inkişafı problemlərini gündəliyə gətirəcəyəm. Çalışacağam bu məsələlər gündəliyə gəlsin, müvafiq təşəbbüslər edilsin”.