İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində 2019-ci ilin iqtisadi yekunları və 2020-ci ilin iqtisadi-sosial proqnozlarından danışıb.
Amerikanın Səsi: 2019-cu ildə Azərbaycanda əsas iqtisadi hadisələr hansılar olub?
Qubad İbadoğlu: 2019-cu ildə yadda qalan əsas hadisələrdən biri inhisarlaşma meylinin güclənməsi olub. Xüsusilə də həm daxili istehsalda, həm ticarətdə, xidmətdə və iqtisadiyyatda, – bu sektorlarında inhisarlaşma əvvəlki illərlə müqayisədə daha çox müşahidə olunub. 2019-cu ildə banklar üçün mövcud olan problemin həlli istiqamətində dövlət çoxdan gözlənilən addımı atdı. Söhbət ondan gedir ki, həm banklar, həm də ki, müştərilər arasında kreditlərin vaxtlı-vaxtında ödənilməsi ilə bağlı yaranmış problem 2019-cu ildə müəyyən mənada öz həllini tapdı. Bu baxımdan hesab edirəm ki, vaxtı keçmiş kredit borclarının silinməsi və restruktizasiyası istiqamətində atılan addımlar da 2019-cu ilin iqtisadiyyatında hadisə kimi dəyərləndirilə bilər. Başqa bir hadisə, ondan ibarətdir ki, bu il həm də iqtisadiyyatda sosial baxımdan ödənişlərin qaldırılması və bir növ hökumətin sosial öhdəliklərinə daha çox vəsait ayırması ili kimi yadda qalıb. Bunu da həm minimum əmək haqqının, həm də minimum pensiyanın artırılması ilə izah edə bilərik.
Amerikanın Səsi: Hökumət 2019-cu ildə iqtisadiyyatda, vergi və gömrük sistemində, sosial sahədə uğurlu islahatlar apardığını bəyan edir. Siz necə düşünürsünüz?
Qubad İbadoğlu: Əslində deyərdim ki, hələ islahatlardan danışmaq tezdir. Çünki baş verən dəyişikliklər bu sistemin özünün bütövlükdə dəyişdirməsini şərtləndirməyib. Həm də mən, düşünmürəm ki, əvvəlki illərlə nisbətdə daha normal, daha sivil münasibətlər ortaya qoyulub. Yenə də, əvvəlki kimi vergi, gömrük siyasətinin tərbiqi, icrası sahəsində inzibatçılıq müşahidə olunmaqdadır. Sosial sahəyə gəlincə, hesab edirəm ki, sosial sahədə də hökumət öz cari işini və öhdəliklərini yerinə yetirmək istiqamətində əvvəlki il ilə müqayisədə daha çox addımlar atıb. Yəni, bunu yalnız minimum əmək haqqının, yaxud da minimum pensiyanın artırılması ilə izah etmirəm. Eyni zamanda qeyd etmək isətyirəm ki, bir sıra dövlət sferasında əmək haqqı alan, deyək ki, diaqnostikadan keçən müəllimlərin əmək haqqının, eyni zamanda hüquq-mühafizə orqanlarında, məhkəmə haklimiyyətində məvaciblərin qaldırılmasını qeyd eləmək olar. Yəni, bu da əslində islahat yox, həmin sektorun özünün tələblərindən irəli gələn, sadəcə hökumətin özünün etməli olduğu bir sıra dəyişikliklərin, qərarların 2019-ci ildə verilməsi ilə əlaqədardır. Bir daha vergi ilə bağlı, onu demək istəyirəm ki, 2018-ci ildə ümumiyyətlə “Vergi Məcəlləsi”ndə gözlənilən dəyişikliklər 2019-ci ildə fərqli bir vergi siyasətinin həyata keçiriləcəyi üçün əsaslar yaradırdı. Amma, təəssüflər olsun ki, “Vergi Məcəlləsi”ndəki dəyişiklilər, demək olar ki, tam şəkildə tətbiq etmək imkanına malik olmadılar. Bu baxımdan da yalnız vergi inzibatçılığının gücləndirlməsi ilə vergi yığımında müəyyən artım müşahidə olundu. Amma, bütövlükdə vergi sahəsində, deyək ki, gizli iqtisadiyyatın leqallaşdırılması, gizli məşğulluğun leqallaşdırılması sahəsində əhəmiyyətli addımlar atılmadı. Çünki o addımlar atılsa idi, yəqin ki, biz 2019-cu ildə bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail ola bilərdik. Amma, hazırda da deyərdim ki, Azərbaycan iqtisadiyyatında inhisarçılıqla yanaşı, ciddi problemlərdən biri də məhz gizli iqtisadiyyatın miqyasının geniş olmasıdır.
Amerikanın Səsi: 2020-ci il sosial-iqtisadi baxımdan ölkə insanlarına nə vəd edir? İnsanların istəkləri ilə hökumətin siyasəti üst-üstə düşürmü?
Qubad İbadoğlu: Hətta, rəsmi proqnozlarda 2020-ci ildə Azərbaycanda infilyasiyanın yüksək olacağı gözlənilir. Eyni zamanda, 2020-ci ildə gözlənilir ki, Azərbaycanda işsizlik artsın. Hesab edirəm ki, bu həm də Azərbaycanda mövcud olan aşağı sürətli iqtisadi artımla əlaqədardır. Çox təəssülər olssun ki, indiyədək bu istiqamətdə müəyyən cəhdlər olsa da Azərbaycan iqtisadi artım tempinə görə MDB-nin autsayderləri siyahısındadır. Bu da son nəticədə həm yeni iş yerlərinin yaradılması, iqtisadiyyata sərmayələrin cəlb olunması, əsaslı kapital qoyuluşunda müəyyən dəyişikliklərin həyata keçirilməsində çətinliklər yaradır. Yəni, son nəticədə düşünürəm ki, növbəti il üçün Azərbaycan vətəndaşları yenə də qiymət artımı problemləri ilə qarşılaşa bilərlər. Bunu şərtləndirən yalnız istehlak bazarında gedən inhisarlaşma meylləri deyil, həm də vergi, gömrük sahəsində baş verən tariflərin, vergi dərəcələrinin, aksizlərin qaldırlması ilə əlaqədardır. Digər tərəfdən də bütövlküdə iqtisadiyyatda sərmayə qoyuluşu real sektorda əvvəlki illərlə müqayisədə daha çox olmadığından son nəticədə, bu sərmayəyə yönələn kredit vəsaitləri və digər mənbələrdən ayrılan investisiyalar daha çox istehlaka yönəldiyindən, hesab edirəm ki, növbəti il üçün iş yerlərinin açılması sahəsində də bizim gözləntilərimiz özünü doğrultmayacaq. Hətta, mənim hesablamalarıma görə, növbəti ildə mövcud iş yerlərinin bağlanması tempi bu illə müqayisədə daha yüksək ola bilər. Bu baxımdan növbəti ildə həm də iqtisadi artım tempinin bu ilki iqtisadi artım tempi ilə müqayisədə üstün olacağını düşünmürəm, ən yaxşı halda builki iqtisadi artım tempini qoruyub saxlaya bilərik. Çünki iqtisadiyyatın artımını təmin edən faktorlar növbəti ildə o qədər də fəal görünmür və növbəti il daha çox istehlakın artımı, məcmu tələbin genişlənməsini müşahidə edəcəyik. Bu da bir tərəfdən gəlirləri dəyərsizləşən əhalinin xərclərinin çoxalmasına gətirib çıxaracaq.