“Qlobal sərvətin 62 faizi 1 faizin əlinə keçib- İfrat zənginliklə ifrat yoxsulluq eyni anda artıb (OXFAM)

“Dünya son 25 ildə ilk dəfə olaraq ifrat yoxsulluğun və həddindən artıq zənginliyin eyni vaxtda artmasının şahidi olur. Şirkətlər və onların sahibləri müxtəlif böhranlardan faydalanırlar”.

Azpost.info xəbər verir ki, bu, “Oxfam” Xeyriyyə Təşkilatları Assosiasiyasının yanvarın 16-da İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun ilk günündə açıqlanan illik hesabatındandır.

“Ən zənginlərin sağ qalması” başlıqlı hesabatda deyilir ki, COVID-19 böhranı zamanı 2020-ci ildən bu yana toplanan qlobal sərvətin təxminən 62 faizi, yəni 26 trilyon dollar ən zəngin 1 faizin əlinə keçib. Planet əhalisinin qalan 99 faizinin payına isə cəmi 16 trilyon dollar və ya bu artımın 38 faizi düşüb. Bir il əvvəl milyarderlərin sərvəti ərzaq və enerji şirkətlərinin “fırtınalı” gəlirləri sayəsində yenidən yüksəlib. Bu şirkətlərin 95 faizi 2022-ci ildə mənfəətlərini iki dəfədən çox artırıblar”, – “Oxfam” bildirir.

Eyni zamanda, ən azı 1,7 milyard işçi inflyasiyanın hazırda maaş artımını üstələdiyi ölkələrdə yaşayır. 820 milyondan çox insan, yəni Yer kürəsində hər on nəfərdən biri aclıqdan əziyyət çəkir. Ac insanların təxminən 60 faizini qadınlar və qızlar təşkil edir.

Təşkilat Dünya Bankının məlumatlarına istinadən yazır ki, bu, yəqin ki, İkinci Dünya müharibəsindən sonra qlobal bərabərsizlik və yoxsulluğun ən böyük artımıdır.

“Oxfam” dünya hökümətlərini yoxsulluğun və aclığın yayılmasının qarşısını almaq üçün sərvət, həmçinin koronavirus pandemiyası və inflyasiya nəticəsində yaranan həddindən artıq gözlənilməz mənfəət vergilərini artırmağa çağırıb.

Azpost.info

 

Əvvəlki məqalə

“Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik” –

Sonrakı məqalə

“Azərbaycanda investisiya mühiti çox müsbətdir”