QMİ erməni işğalçılarının “din davası” təxribatını neçə puç edir?

18 Oktyabr 2020 - 20:58

Dünyanın nufuzlu dini mərkəzləri Şeyxülislamın çağırışına səs verdi

 

Azərbaycan 20 gündən artıqdır Vətən Müharibəsi aparır.

Müzəffər ordumuz bütün cəbhə boyu qalibiyyət yürüşü ilə düşmənin son 30 ildə yaratdığı süni mifi dağıdaraq yerlə yeksan edib.  Artıq Cəbrayıl, Füzuli şəhərləri, 10-larla kənd, stratetji yüksəkliklər, tarixi Xudafərin erməni təcavüzkarlarından təmizlənib. Ordumuz sürətlə irəliləyir, düşmən bütün texnikasını, ordu qərargahlarını ataraq qaçır. Erməni işğalçılarının canlı itkisi fəlakətli rəqəmə çatıb.

Azərbaycan cəmiyyəti müharibənin ilk günündən Ali Baş komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün qüvvəsini yalnız cəbhədə qələbəyə yönəldib. Ölkənin ictimai-siyasi qüvvələri dünyanı heyrətə salan birlik nümayiş etdirir, əllərində olan bütün vasitələrlə işğalçı Ermənistana qarşı mübarizə aparırlar. Hər bir qurum, təşkilat, siyasi firqə Ana Vətənin qalibiyyəti, düşmən hucumlarını dəf etmək üçün öz çapında bu mübarizədə iştirak edir.

Düşmənin ilk gündən Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı əməliyyata dini çalar vermək cəhdi  iflasa uğradı. Cəbhədə Azərbaycan vətəndaşları olan xristian, yəhudi, müsəlman vətəndaşların doğma vətəni müdafiəyə qalxması bu çirkin iddianı puç etdi.

Bütün bu mürəkkəb və ağır vəziyyətdə Qafqaz Müsəlmanları İdarəsi və onun sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının azadlıq müharibəsinə ilk gündən dəstək verərək bütün dünyaya səsləndi.

QMİ sədrinin döyüş əməliyyatının başladığı ilk gündə Azərbaycan xalqına etdiyi müraciətində xalqımızın öz ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə qalxdığını bəyan etdi. “Vətən müharibəsi hər zaman ədalətli savaşdır. 30 ildən artıq müddət davam edən işğal və mənəvi təcavüz sona yetməlidir. Ədalət zəfər çalmalı, haqq öz yerini tutmalıdır! Bu gün işğalçı Ermənistanın davamlı təxribatına cavab olaraq Azərbaycan hərb meydanındadır. Bu meydan ədalətin yerini almasına xidmət edir”-deyə Şeyxülislam müraciətdə vurğuladı.

Azərbaycanda yaşayan digər dini icmalarla sıx şəkildə işləyən QMİ dünyanın xristian və müsəlman dövlətlərinin üzv olduğu beynəlxalq qurumlara müraciət edərək onları Azərbaycanın haqlı mübarizəsinə dəstək olmağa çağırdı.

Müharibənin ilk günündə Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət etdilər.

Müraciətində icma rəhbərləri Azərbaycan Prezidenti və Ali Baş Komandanı Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi yönündə qazandığı zəfərlər münasibətilə səmimi-qəlbdən təbrik etdilər və böyük qələbələr arzuladılar:

“Bu gün də Vətən torpaqlarının müdafiəsində milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın yanındadırlar. Dünya ictimaiyyətinin əksəriyyəti Azərbaycanın haqq yolunda olduğunun fərqindədir və dövlət olaraq öz torpaqlarını azad etmək iradəsini müdafiə edir”-deyə müraciətdə vurğulanırdı.

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə keçirdiyi mətbuat konfransında QMİ sədri Allahşükür Paşazadə və digər dini icma rəhbərləri bir daha Azərbaycan dövlətinə və Ordusuna dəstəyi nümayiş etdirdilər.

“30 il din xadimləri, Qaragenlə, Vazgenlə görüşəndə özümü məğlub hiss edirdim. Düzdür, özümü qalib kimi göstərirdim, amma daxilimdə bir yanğı var idi. Bu, işğal olunmuş torpaqların yanğısı idi. Bu günü çoxdan gözləyirdik. Biz bu gün özümüzü qalib sayırıq, bu, fərəhdir”-deyə Şeyxülislam vurğulamışdı.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr bir daha bəyan etdi ki, münaqişədə siyasi motivlər var, dini motivlər yoxdur. “Xalq vətənpərvərlik hisslərinin yüksəlişini yaşayır. Nəinki azərbaycanlılar, o cümlədən xristianlar, ruslar da bu prosesdə iştirak edirlər”.

Şeyxülislam Allahşükür Paşazadə 27 sentyabr 2020-ci il tarixdə Ermənistanın növbəti silahlı təxribatı ilə başlayan hadisələrlə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət etdi.

Müraciətlər Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreşə, ATƏT-in fəaliyyətdə olan Sədrinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanına, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətiyə, Moskva və Bütün Rusiya Patriarxı Kirilə, Bütün Gürcüstanın Patriarxı II İliyaya, Roma Papası Fransiskə, İslam Əməkdaşlığı Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Useyminə, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyibə, Beynəlxalq İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradağiyə, və digər nufuzlu qurumların başçılarına ünvanlanmışdı.

QMİ sədri Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreşə və ATƏT-in fəaliyyətdə olan Sədri Edi Ramaya etdiyi müraciətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetiriləcəyinə, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar rejiminə qarşı müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılacağına ümid etdiyini demişdi.

Beynəlxalq təşkilatlardan gələn reaksiyalar da Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi oldu.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə qınadı. Bəyanatda qeyd olunurdu ki, Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edir, İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələrini, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını, iki ölkə arasındakı münaqişənin Azərbaycanın suverenliyinə hörmətə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan siyasi yolla həllinə nail olmaq üçün dialoqun qəbul edilməsini tələb etdi.

QMİ sədrinə müxtəlif nufuzlu din xadimlərinin müraciətləri də bu baxımdan yaddaqalandır.

Rusiya Federasiyası müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri, müfti Ravil Qaynutdin QMİ sədrinə məktubunda  bildirib ki, Dağlıq Qarabağ münaqişəsi öz mahiyyətinə görə dinlər arasında aparılan münaqişə deyil.

ABŞ-da yerləşən Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer QMİ sədrinə yazdığı məktubda qeyd edib ki, Azərbaycan Respublikasına öz tam və daimi dəstəyini ifadə edir: “Münaqişəni dini icmalar arasında müharibə kimi qələmə vermək dəhşət verici yanlışdır, çünki aydındır ki bu, Azərbaycanın suverenliyinə açıq şəkildə məhəl qoymayaraq, BMT və digər beynəlxalq təşkilatların qətnamələrini inkar edərək edilmiş təcavüzkar bir hərəkətdir”.

Yenə ABŞ-da yerləşən nüfuzlu Simon Vizental Mərkəzinin rəhbəri Abraham Kuper yazıb  ki,  “düşmənçilik tezliklə aradan qaldırılsın və bütün tərəflər həm Azərbaycan, həm də Ermənistanın beynəlxalq müstəvidə tanınan sərhədlərini tanısın”.

Tunis Respublikasının sabiq prezidenti Məhəmməd Monsef Əl-Mərzuqi QMİ sədrinə yazıb ki, Tunis xalqı qardaş Azərbaycan xalqı ilə tam həmrəydir: “Çünki bu müharibənin dinlə heç bir əlaqəsi yoxdur, bu savaş suveren dövlətin torpaqlarının beynəlxalq səviyyədə tanınmayan separatçı qrup tərəfindən işğal edilməsinə görədir”.

Beynəlxalq Müsəlman Üləmaları İttifaqı Qarabağda baş verən son hadisələrlə bağlı bəyanatında Ermənistanı işğal etmiş ərazilərdən çəkilməyə çağırdı.

Əfqanıstan Respublikasının İrşad, Həcc və Vəqflər naziri Məhəmməd Qasim Həlimi göndərdiyi məktubda Azərbaycan xalqının yanında olduğunu bildirib.

Bosniya və Hersoqovinanın Baş müftisi, Monteneqro Baş müftisi, Pakistanın Müsəlman İnstitutunun rəhbəri, Keniya Müsəlmanları Ali şurasının Milli sədri də dövlətimizə dəstək verdiklərini bəyan ediblər.

Göründüyü kimi, nufuzlu dini qurumlar, din xadimləri Azərbaycanın apardığı ədalətli mübarizəni dəstəkəyir və bölgədə sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb ediblər. Bütün bu dəstək Azərbaycanın “benəlxalq çətiri”nin qurulması üçün vacib məqamlardandır.

Emin Abbasov