QMİ sədri nə üçün Avropa Şurasına dəvət edilmişdi?

Dünyada ictimai xadimlərin siyasi böhranların həlli zamanı öz nufuzundan istifadə etmələri çağdaş tarixin danılmaz faktoruna çevrilib.

Ölkələrdə sülh və barışın bərqərar olması, sabitlik və dinc yanaşı yaşama prioritetləri siyasətçilərin əsas hədəfidir. Bu prosesin uğuru eyni zamanda cəmiyyətin etimad göstərdiyi parlaq elm adamlarının, ictimai xadimlərin, dini rəhbərlərinin öz liderlərinə bu yöndə dəstəyindən asılıdır.

Prezident İlham Əliyevin siyasi lider kimi dünyada Azərbaycanın maraqlarını uğurla müdafiə etməsi cəmiyyətin etimadına söykənir. Bütün təbəqələrdən olan belə etimad limiti Prezidentə beynəlxalq münasibətlərdə Azərbaycanın haqlı mövqeyində qətiyyətlə durması üçün böyük imkanlar yaradır.

Bu işdə hər kəs üzərinə düşən məsuliyyət yükünü anlayır və var –qüvvəsini sərf edir.

Milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib.

Azərbaycanın ölkə xaricində təbliği misisyası baxımından QMİ sədrinin fəaliyyəti geniş və çoxcəhətlidir.

Ötən ay Şeyxülislamın Avropa Şurasına dəvət olunması və toplantıda iştirakı maraqlı jest olaraq yadda qaldı.

Avropa Şurasının mayın 2-də “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak edən Şeyxülislam bu toplantıda islam dünyasının yeganə təmsilçisi idi.

A.Paşazadə çıxışında insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini açıqlayıb. Azərbaycanda din və etiqad azadlıqlarının qorunması, multikultural, tolerant mühitdən bəhs edib. Azərbaycanla Ermənistan arasında sülh prosesinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar tərəfindən dəstəkləndiyini bildirib.

Avropa Şurasının sədr müavini cənab Byorn Berq ilə görüşü zamanı Şeyxülislam burada müzakirə olunan dinlərarası dialoqun dərin əhəmiyyət kəsb etməsini qeyd edib. O bildirib ki, həmişə dünyada sülhün və müqəddəs dəyər olan insan həyatının qorunmasına, dinlərarası dialoqa hər zaman önəm verib, bu yöndə əməli səylərini, o cümlədən, beynəlxalq təşkilatlarla əməkdaşlıq zəminində səylərini əsirgəməyib.

Avropa Şurası təmsilçisi öz növbəsində A. Paşazadənin Qafqazda sülhün bərqərarı üçün dini liderlərlə görüşlərini dinlərarası dialoq işinə böyük töhfə olduğunu vurğulayıb.

Xüsusən Qafqazda münaqişənin heç bir vəchlə dini qarşıdurma müstəvisinə keçməməsi qeyd edilib.

QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasının əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmasını və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsindən danışıb.

Şeyxülislam A. Paşazadə Avropa Şurasının xəttilə növbəti konfransın tolerantlıq məkanı və multikultural dəyərlər ölkəsi Azərbaycanda keçirilməsini təklif edib. Avropa Şurasının rəsmisi cənab Byorn Berq bu təklifi müsbət qiymətləndirib.

May ayı ərzində QMİ sədri Qazaxıstanda, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında keçirilən mötəbər konfranslarda iştirak edib.

BƏƏ-də dünyanın 150 ölkəsindən 500-ə yaxın müsəlman dini lider və din xadimlərinin iştirak etdiyi mötəbər konfransda çıxış edən Şeyxülislam dünya müsəlmanlarını vəhdətə çağırıb, dövlətlərin savaş ilə sarsıldığı, qaçqınlar ordusu ilə üzləşdiyi bir dönəmdə müsəlman cəmiyyətlərinin üzərinə özünün sülh məramını və qarşılıqlı ehtiram məfkurəsini bəyan etmək vəzifəsi düşdüyünü xatırladıb.

Bakıda G20 Dinlərarası Forum Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda da QMİ sədri tolerantlıq prinsiplərini bir daha bəyan edib.

Bütün bu mötəbər tədbirlərdə QMİ sədri təkcə dini lider kimi deyil, həmçinin qlobal çağırışlara ayna tutan, sülh mesajını daşıyan və Azərbaycanın dünyaya təqdim etdiyi siyasi prioritetləri təqdim edən ictimai xadim kimi qatılıb.

Avropa Şurasının konfransına dəvət onu göstərir ki, siyasi liderlər xalqlar arasında dinlərarası dialoqun bu gün necə vacib məsələ olduğunu anlayır.  Şeyxülislamın islam dünyasından yeganə təmsçilçi kimi dəvət olunması səbəbsiz deyil. Bu Azərbaycanın tolerantlıq ənənələrindən, mədəni birgəyaşayışdan, dinlərarası əməkdaşlığın unikal nümunəsindən irəli gəlir. Dünya ölkələri Azərbaycanın tolerantlıq nümunəsini heyranlıqla izləyir, qanlı etnik-dini çarpışmalarda başını itirmiş ölkələrin bu faciəvi girdabdan çıxması üçün bu modeli zəruri sayırlar.

Demokratik təsisatların əsasında din və etiqad azadlığının dayandığı da bu gün bəlli məsələdir. QMİ sədri son 30 il ərzində Azərbaycanda və bölgədə sülh və sabitliyin saxlanılması üçün var qüvvəsi ilə çalışıb, bədnam siyasi dəllaların din pərdəsi altında gizlənərək fitnə planlarına qarşı cəsarətlə durub.

Prezident İlham Əliyevin Cənubi Qafqazda sabitliyin qorunmasına hədəflənmiş siyasi xətti özünü əsas mesajı olaraq humanizmi, təhlükəsizliyi və sülhü ifadə edir. Bakının müxtəlif vaxtlarda ev sahibliyi etdiyi mötəbər toplantılarda QMİ sədri ictimia xadim missiyasına sadiq qalaraq ölkəmizin nufuzu üçün çalışıb.

Beynəlxalq aləmdə, islam dünyasında yüksək etimadı ilə seçilən A.Paşazadə səsi eşidilən din xadimidir.

44 günlük Vətən Müharibəsi zamanı ölkəmizin bütün dini konfessiyalarının vahid mövqeyi bir çox qüvvələri heyrətləndirmişdi. QMİ sədrinin koordinasiya etdiyi bu birlik  düşmənə qarşı mübarizənin daha bir bir mühüm rıçağı oldu.

A.Paşazadə ölkəmizin dini həmrəylik nümunəsinin beynəlxalq müstəviyə daşınmasında aparıcı rol oynayıb. Şeyxülislamın ictimayi fəaliyyətinin mühüm istiqamətini təşkil edən bu prioritet  beynəlxalq qurumlarla əks əlaqənin yaranması üçün bir körpü olub.

QMİ-nin  bu gün dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələri var.  Vatikandan pravoslav kilsəsinə qədər uzanan bu iş birliyi Azərbaycan ətrafında etimada söykənən əməkdaşlıq platforması formalaşdırıb.

Dünyanın ən nufuzlu 500 müsəlman şəxsiyyəti sırasında yer alan A.Paşazadə Ümumdünya Sülh Şurası, UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü, Qafqaz Xalqları Ali Dini Şurasının, MDB –nin müsəlman dini liderlərinin Məşvərət Şurasının sədridir.

Bu ilin əvvəlində ABŞ-da fəaliyyət göstərən “Dinlər sülh uğrunda» Beynəlxalq Təşkilatının sədri xanım Azza Karamın Şeyxülislam Allahşükür Paşazadəyə qurumun Qəyyumlar Şurasına üzv qəbul olunması üçün müraciəti də  bu nufuzun bir göstəricisidir.

A.Paşazadənin tanınmış İslam təmsilçisi olaraq bilavasitə ünsiyyətə, təcrübəsindən yararlanmağa ehtiyac duyan İnsan Qardaşlığı Ali Komitəsi də bu sıradadır. Baş katib Məhəmməd Əbdül Salam QMİ sədri ilə görüşündə rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlıq qurmaq istəyini açıqlayıb.

Salam həmçinin 2023-cü ilin yanvarında səmavi dinlərin təmsilçilərinin iştirakı ilə Bəhreyndə planlaşdırılan, Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin də iştirak edəcəyi Şərq-Qərb formatlı konfransında A.Paşazadənin də dəvətli olduğunu bildirib.

Türk Dövlətləri Təşkilatına daxil ölkələrin dini rəhbərlərinin Şurasının yaradılması prosesində QMİ sədrinin avanqard rolu, qurumun Əsasnaməsinin hazırlanması və iclasın Şuşada keçirilməsi təklifi də ictimai rezonans doğuracaq hadisə oldu.

Şeyxülislamın bütün bu fəaliyyətində Azərbaycanın dövlət maraqlarına sadiqlik, humanizm əsas prinsip kimi yer tutur.

Bu baxımdan QMİ sədrinin beynəlxalq aləmin mürəkkəb proseslərinin, böhranların həlli üçün vasitəçilik missiyası nəticəsiz qalmır.  Şeyxülislamın dini rəhbər və ictimai xadim olaraq sülhə və əmin-amanlığa xidməti dünya çapında ona etimad yaradır.

A.ABBASOV

Əvvəlki məqalə

Sayt rəhbəri barəsində dələduzluğa görə cinayət işi başlanıb

Sonrakı məqalə

ABŞ Türkiyənin Suriyadakı əməliyyatının sabitliyi pozacağını bildirib