Azərbaycanın Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı alim Zümrüd Quluzadə vəfat edib.
Azpost.info bildirir ki, tanınmış alim 89 yaşında dünyasını dəyişib.
Zümrüd Quluzadə 17 mart 1932-ci ildə ziyalı ailəsində anadan olub. 1939-1949-cu illərdə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul olunub, oranı da fərqlənmə ilə bitirib. 1957-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna gəlib. Həmin İnstitutun Fəlsəfə və İctimai fikir tarixi şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Zümrüd xanımın namizədlik dissertasiyası Antoqonist cəmiyyətdə üstqurumun rolu, doktorluğu isə Azərbaycan məkanında ən böyük fəlsəfi cərəyanlardan birinə – hürufiliyə və Azərbaycanda onun görkəmli nümayəndələrinə həsr olunub. Onun “Hürufilik və onun Azərbaycandakı nümayəndələri kitabı” (1970) hürufiliyin tarixi və fəlsəfəsini Təhlil edən yeganə monoqrafik əsər hesab edilə bilər.
Zümrüd Quluzadə Elmi peşəkar qadınların məşvərət şurasının 2001-ci ildən üzvüdür. 2000-ci ilin qadını fəxri diplomu ilə təltif edilib. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.