Qocaman neftçi, “Neft Daşları”nın sabiq rəisi Vaqif Hüseynov vəfat edib

Qocaman neftçi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vaqif Hüseynov vəfat edib. 

Azpost.info bildirir ki, o, dünən 83 yaşında dünyasını dəyişib.

Azərbaycan neftçilərinə şöhrət gətirən alim və mütəxəssislərdən, ziyalılarından  biri olan Vaqif Qulu oğlu Hüseynov 1 may 1941-ci ildə Tovuz şəhərində anadan olub.

O, 1965-1969-cu illərdə “Leninneft” (indiki “Balaxanıneft”) Neft Mədənlər İdarəsində neft hasilatı üzrə operator, usta, sahə rəisi işləyib. 1969-1679-cu illərdə “Xəzərdənizneft” Birliyində mühəndis, böyük mühəndis, 1979-1988-ci illərdə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyinin birləşmiş dispetçer idarəsinin rəisi, 1988-1991-ci illərdə  “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Mərkəzi Mühəndis Texnoloji Xidmətinin rəisi, 1991-1996-cı illərdə “Neft Daşları” NQÇİ-nin, 1996-2003-cü illərdə “Qum adası” NQÇİ-nin rəisi vəzifələrində çalışıb.

2003-2012-ci illərdə “Neftqazelmitədqiqatlayihə” institutunun direktorunun müavini, daha sonra isə müşaviri işləyib.

Azərbaycan dəniz neft sənayesinin yüksək ixtisaslı mütəxəssislərindən biri, istedadlı təşkilatçı Vaqif Hüseynov Xəzər dənizi yataqlarından neft və qazın çıxarılması, hazırlanması, təhvil verilməsi üçün tikilən və istismara buraxılan obyektlərin, demək olar ki, çoxunda bilavasitə iştirak edib.

V.Hüseynov yalnız istehsalatda çalışmaqla kifayətlənməyib, elmi fəaliyyətlə də məşğul olub. O, neft-qaz hasilatının sabitləşdirilməsi, artırılması və yataqların işlənməsi istiqamətində qarşıya çıxan problemlərin həllinə yönəldilmiş 30 elmi məqalənin, dörd ixtiranın və dörd kitabın müəllifi, texnika elmləri namizədidir. Hazırda “Neftçilər klubu” İctimai Birliyinin sədri kimi səmərəli fəaliyyət göstərir.

Vaqif Hüseynovun əməyi daim yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və “Neft sənayesinin əlaçısı” fəxri adına layiq görülüb, SOCAR-ın Fəxri Fərmanı ilə təltif olunub.

Əvvəlki məqalə

“Nə Moskva, nə də Kiyev danışıqlar prosesini bərpa etmək mövqeyində deyil” –

Sonrakı məqalə

“Ermənistan Aİ-yə daxil olmaq ideyasını fəal şəkildə müzakirə edir”