Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə qarşı internet üzərindən aparılan böhtan və gözdənsalma kampaniyası tanınmış ictimai-siyasi şəxslərin etirazına səbəb olub.
Milli Məclisin sabiq deputatı, tanınmış ziyalı Əlövsət Ağalarov aparılan bu qarayxmaya qarşı etirazını açıqlayıb.
Sabiq deputat bildirib ki, Azərbaycan dindarlarının rəhbərinə qarşı zaman-zaman belə böhtanlar səsləndirilib: “Xalq özünün səviyyəli, tanınmış adamlarını biabır olunmasına yol verməməlidir. Bu düşmən dəyirmanına su tökməkdir. Bu təkcə Şeyxulislama qarşı deyil. Bu gün ölkədə qəribə proses gedir. Bu hardan idarə olunur? Bunu kimlər edir?”
Ə.Ağalarovun sözlərinə görə, QMİ sədri Azərbaycanın ən ağır günündə öz cəsarətli çıxışı ilə xalqın mövqeyini ifadə edib: “1990-cı ildə 20 yanvarında Şeyxülislam bəyanat verərək SSRİ-nin rəhbəri Mixail Qorbaçova “əlin mənim xaqlımın qanına batıb” dedi. Şeyxülslamın belə cəsarətli çıxışını o dövrdə çox az adam edə bilərdi. Bu adam xalq və millət üçün çalışıb”.
Daha sonra Ə.Ağalarov 20 yanvar qırğını ilə bağlı maraqlı məqama toxunub. Onun sözlərinə görə, 1990-ci ilin yanvarında A.Paşazadənin həmin kəskin bəyanatını qanlı qırğınla bağlı təcili çap etdikləri kitaba daxil ediblər. Həmin kitablar Moskvaya –SSRİ Xalq Deputatları Sovetinin iclasına göndərilib: “Bunu çətinliklə edə bildik. Bu məsələdə Ali Sovetin sədri mərhum Elmira Qafarova bizə çox kömək etdi. Fövqəladə vəziyyət şəraiti olduğuna görə küçəyə çıxmaq mümkün deyildi. Elmira xanım Ali Sovet sədrinin maşınını göndərdi, kitabları “baqaj”a yığıdıq. Elmira Qafarova həmin kitabları Moskvaya apardı. SSRİ Xalq Deputatlarının qurultayında kitab bütün SSRİ-dən gəlmiş deputatlara paylandı. Mən həmin kitabın birinin üst səhifəsinə Şeyxülislam Allahşükür Paşazadənin həmin bəyanatının rus dilində olan mətnini yerləşdirmişdim. Həmin kitabı aparıb Mixail Qorbaçovun qabağına qoymuşdular. O zaman Mərkəzi Televizyanın“Vremya” proqramında da göstərdilər. Mixail Qorbaçov kitabı açıb Şeyxulislamın bəyanatını oxudu, əsəbi halda kitabı SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanovun qabağına atdı”.
Ə.Ağalarovun sözlərinə görə, ölkənin tarixindən, dünənindən xəbərsiz bəzi gənclər bu gün ortaya çıxıb dövlətin taleyi üçün əziyyət çəkmiş şəxslər barədə ağızlarına gələni yazır: “Milli-mənəvi dəyərlərimiz, mentalitetimiz zədələnib. Bunun qarşısını almaq üçün mətbuat, ziyalılar səsini qaldırmalıdır. Bu gün bizim bir düşmənimiz var. Ermənistan! Bir-birimizi ləkələyəndə heç kimə ziyan etmirik. Bizə ziyan olur”.
Ə. Ağalarov qeyd edib ki, hər şeyi inkar etmək yolu doğru deyil: “Keçmişə güllə atmaq olmaz. Keçmişə atılan güllə gələcəyimizə yönəlib. Bu adamlar bizim milli dəyərimizdir”.
Sabiq deputat hərbiçi Ramil Səfərov barədə açılan müzakirələrdə də bu qəbildən olan atmacaların olduğunu bildirib: “Onunla da bağlı ağızlarına gələni yazırlar. Adam millətinin oğlunun qəhrəmanlığına sevinməlidir. Ramil o düşməni yatdığı yerdə öldürməyib. Özü mənə deyib bunu. Digər yandan ermənilər Xocalıdakı qətlə yetirilənlərə dəvətnamə göndərmişdilər ki, sizi öldürməyə gəlirik??”
Ə.Ağalarov bu böhtan kampaniyasının düşmən qüvvələr tərəfindən idarə olunduğunu bildirib: “Kiminsə fəaliyətindən xoşun gəlməyə bilər, tənqid elə. Daha təhqir, iyrənc böhtan atmaq nədir? Şəxsiyyətə, ləyaqətə toxunmaq olmaz”.
Onun sözlərinə görə, artıq Azərbaycan siyasətçiləri, ziyalıları, hüquq müdafiəçiləri ölkəmizin ictimai-siyasi, mənəvi simalarınnın sosial şəbəkələrdə təhqir olunması ilə bağlı belə kampaniyaya qarşı birlik nümayiş etdirməlidir.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də Şeyxulislama qarşı aparılan bu çirkin kampaniyadan təəssüfləndiyini bidirib.
Onun fikrincə, Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən müəyyən qüvvələr sosial şəbəkələrdə fəallıq göstərirlər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə qarşı aparılan böhtan kampaniyasını pisləyən Q.Əlibəyli bunun qəti əleyhinə olduğunu vurğulayıb: “Hesab edirəm ki, hər hansı bir şəxsin, o cümlədən Şeyximiz kimi dini dəyərlərin daşıyıcısının aşağılanması, təhqir olunması yolverilməzdir və bütövlükdə dinimizə qarşı yönəlmiş bir fəaliyyətdir”.
Q.Əlibəyli bildirib ki, Azərbaycanda inanclı kəsimin dini rəhbəri barədə böhtan və təhqir xarakterli yazıların yazılması yolverilməzdir.
Partiya sədri bu təhqirlərə yol verən insanları Şeyxülislama hörmətlə yanaşmağa çağırıb: “Dinə etiqad ediriksə, deməli dini rəhbərimizə də hörmətlə yanaşmalıyıq. Bu cür hörmətsizlik əslində dini dəyərlərin özünü gözdən salmaqdır”.
Onun sözlərinə görə, ölkədə dini multkulturalizm formalaşıb. Bu mühitin dağıdılması üçün ölkə daxilində və xaricində müəyyən çağırışlar var: “Onların məqsədi odur ki, həmin adamların cəmiyyətdə sözü keçməsin. Bu meyl hiss olunur. Təkcə dini müstəvidə yox, başqa digər müstəvidə də bu meyl hiss olunur. Belə cəhdlərə qarşı insanlar öz etirazını bildirməlidir”.