Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib

31 Mart 2021 - 14:03

Azərbaycanlıların soyqırımının 103-ci ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.

Mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanışlıq olub.

Mədəniyyət naziri Anar Kərimov media nümayəndələrinə müsahibəsində bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla soyqırımı törədiblər. Yüz üç il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.