“Qurban bəy artıq İngiltərədədir! Sağ və salmatdır!”.
Bunu “Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov bildirib. O, sosial şəbəkədə qeyd edib ki, indi yolda olan atası axşam özü canlı efirı çıxacaq.
“Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyəylə bağlı heç bir problem yoxdur! Qardaş ölkə hər zaman bizim üçün ana vətəndir!”.
Qeyd edək ki, Qurban Məmmədovun həbs olunması xəbərini də elə oğlu Qoşqar yaymışdı. O, atasının Türkiyədə saxlanıldığı barədə bu gün səhər sosial şəbəkədə yazdığı qeydi də silib.
Azərbaycan Baş Prokurorluğunun sentyabrın 8-də yaydığı məlumata əsasən, Qurban Məmmədov, Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilirlər.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və burada yaşayan vətəndaşlığı olmayan şəxslər ölkə hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycanın Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
Həmin şəxslər barəsində istintaq orqanının təqdimatına əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib və barələrində beynəlxalq axtarış elan edilib.
İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.