“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun mükafatlandırma mərasimindən sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə çempionluq təəssüratlarını bölüşüb…
– Sevinirik ki, medalımıza qovuşduq. Amma istərdik ki, daha fərqli şəraitdə olsun. Vəziyyəti çox gözəl başa düşürük, durum yaxşı deyil. Ölkəmizdə virusun yayılması artıb. Bu çempionluqda klubdakı hər kəsin böyük əziyyəti oldu. Hər kəsi təbrik edirəm. İstərdik ki, kuboku azarkeşlərin önündə qaldıraq. Ancaq düşünürəm ki, onlar bizimlədilər. Hamısına təşəkkür edirəm. 8 oyunu keçirmədik, amma hər bir qərara hörmətlə yanaşırıq.
– Transferlərlə bağlı məsələ nə yerdədir?
– Bir mərkəz müdafiəçisi ilə razılıq əldə etmişik. Sadəcə, bu duruma görə hələ qalıb. Ola bilər ki, transferlər bir az geciksin. Ancaq istədiyimiz oyunçuları gətirə biləcəyimizi düşünürük. Çətin dönəmdir. Razılaşsaq belə, istədiyimiz oyunçuları tez gətirə bilmərik. Rəşadla futbolçu kimi yollarımızı ayırdıq. Əvvəl də fikirlərimizdə bildirmişdik ki, son mövsümüdür. Ona təşəkkür etmək istəyirəm. Klub üçün çox böyük işlər gördü, bütün futbolçulara dəstək oldu. Mənim üçün bir məşqçi olaraq belə futbolçu ilə ayrılmaq çətindir. Əvvəlcədən bu qərarı vermişdik. Əslində, o keçən il karyerasını bitirmək istəyirdi, mən qoymamışdım.
– Rəşad Sadıqov məşqçi kimi klubda qalacaqmı?
– Konkret cavab verə bilməyəcəyəm. Bir qədər vaxt lazımdır ki, hər şeyi götür-qoy edək. Çox istəyərəm ki, bir yerdə olaq. Qoy, bir az istirahət etsin, özümüz də futboldan uzaq olaq. Ondan sonra qərar verəcəyik.
– Yaxşı tanıdığınız futbolçulardan hansısa biri qayıda bilərmi? Məsələn, Riçard Almeyda, Pedro Enrike…
– Rəhbərliklə görüşümüz olmayıb. Həmişə xoşlamışam ki, bir işi tam başa vuraq, sonra növbəti addımları müzakirə edək. Pandemiya hamıya böyük zərbə oldu, bizə də təsiri var. Hər bir halda, komandanı qoruyub saxlamağa çalışmışıq. Futbolçuların qayıdışı halları olub, indi olacağını desəm, doğru olmaz. Bəlkə, gələcəkdə mümkün oldu. Gedişata baxacağıq.
– Hazırlıq planları necə olacaq?
– Çox çətin dövrdür. İki gün əvvəl planlarımız başqa idi, indi tamamilə fərqlidir. Heç gözləmirdik ki, yenidən belə karantin olsun və avqustun 1-nə kimi uzanacaq. Çox çətin situasiyadır. Son oyunumuzu martın əvvəlində oynamışıq. O vaxtdan iki yoxlama matçımız olub. Avqustun 17-18-də Çempionlar Liqasında ilk oyunumuz olacaq. Ona qədər hazırlaşmağımız çox çətindir. Bunun üçün yaxşılığa doğru dəyişiklik olmalıdır. Hansısa formada bizə məşq etməyə icazə verilsəydi, yaxşı olardı. Ölkə xaricinə çıxmasaq belə, burda hazırlıq əldə etmək olar. Digər klublarla yoxlama oyunları keçirməyimiz mümkündür. İnanıram ki, ayın 5-dən sonra belə bir şərait yaradılar. Alınmasa, tam fərqli şeylər düşünməliyik. ÇL-də oynayacağıqsa, düşünürəm ki, bizə heç olmasa, Bakıdan kənarda şərait yaradılacaq.
– Legionerlərin ailələrinə baş çəkməsi, yollarınızı ayırdıqlarınızın getməsi üçün bir fikir varmı?
– Bir neçə günə klub tərəfindən məlumat veriləcək. İcazə olmadıqca burda qalacaqlar. İmkan olduqca, məşq edəcəklər. Elə durumdur ki, səbrli olmalıyıq. Mütləq evə getmək istəmək kimi bir şey olmamalıdır. Çətinlik var, ən yaxşısını etməyə çalışacağıq. (Futbolpress.az).