Rəy bildirənlərin 28 faizi vaksindən imtina edib –

STM-in SORĞUSU
02 Avqust 2021 - 10:24

Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların COVID-19 pasportu, vaksinasiya, ilin ilk altı ayına və toylara münasibətlərini öyrənib.

Azpost.info bildirir ki, STM bununla bağlı rəy sorğusunun nəticələrini açıqlayıb.

Vaksinasiyaya münasibətlə bağlı sorğuda da iştirak edənlərin 57.0%-i ən azı bir doza vaksin qəbul edib. Vaksin olunmayan 43.0% repondentin vaksin olunmamaqla bağlı ifadə etdiyi səbəblər isə müxtəlifdir. Diqqət çəkən məqam odur ki, əhəmiyyətli sayda – 28.0% respondent heç bir halda vaksin olunmayacağını bildirib.

Təqaüdçülərin təxminən 40.0%-i, evdar qadınların isə 31.0%-i heç bir halda vaksin olunmayacağını deyib. 19.0% respondent isə yalnız məcburiyyət əsasında vaksin olunmağa razılıq verəcəyini deyib. Daha dəqiq, həmin respondentlər vaksinasiyanın ölkə miqyasında icbari olacağı təqdirdə doza qəbul edəcəklərini bildirib.

18-35 yaş aralığında olanlar arasında vaksinə mənfi münasibət yaşlılara nisbətdə daha çoxdur. Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran və Qarabağ regionlarında heç bir halda vaksin olunmayacağını deyənlər bəzi bölgələrə nisbətdə 2 dəfə çoxdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir.

Bəs əhali hansı hallarda xidmətlərin istifadəsində vətəndaşdan korona pasportunun tələb edilməsini məqbul hesab edir? Sorğuda iştirak edənlərin üçdə bir hissəsi (34.0%) idman zallarından istifadədə COVID-19 pasportunun tələb edilməsini adekvat hesab edir. Analoji göstərici ölkə xaricinə səyahət etmək üçün 57.0% təşkil edib. 28.0% respondent isə pasportun heç bir halda tələb edilməsini adekvat hesab etmir. Bu fikir işləməyən respondentlər (38.0%) arasında nisbətən daha geniş yayılıb.

Sorğu Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 1072 respondentin rəyini öyrənib. Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilən regionlar sorğuda əhatə edilməyib.