Rəşad Mahmudov 15 il əvvəl ürək əməliyyatı apardığı uşaqla görüşüb –FOTO

Milli Məclisin deputatı, doktor Rəşad Mahmudov 15 il əvvəl mürəkkəb ürək əməliyyatı apardığı uşaqla görüşüb.

Azpost.info bildirir ki, hazırda 15 yaşı olan yeniyetmə qız anası ilə birgə həkimi ziyarət edib.

R.Mahmudov bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:  “Yanımdakı Zəhranı uzun illərdir görməmişdim. Boyda anasını keçib və mənə çatıb.  15 il əvvəl ölkəmizdə heç kim bu cür  çox mürəkkəb ürək qüsurlu körpənin əməliyyat olunacağını təsəvvür belə edə bilmirdi. Amma biz və komandamız buna inanırdıq və bu əməliyyatları icra edirdik. Həmin illərdə əməliyyat etdiyimiz uşaqlar indi qarşımıza çıxanda inanılmaz xoş hislər yaşayırıq. Anasının o zamankı baxışları hələ də xatirimdədir. O günləri xatırladıqca bir daha düşünürsən nə gözəl ki, bu ölkənin vətəndaşı və həkimi olmuşam”.

Həkim yazıb ki, uşaqlarda açıq ürək əməliyyatlarında az faizlə də olsa həyati təhlükə gözlənilir: “100 xəstədən 1-2-sinə təəssüf ki, ya fayda verə bilmirik, ya da həyatını itirirlər. Lakin Zəhra qızımız kimi uşaqlarda isə əməliyyatın riski bəzən 10-15 faizə qədər yüksəlir. Bu da o deməkdir ki, 100 uşaqdan 90-na kömək edərkən, 10-15 uşaq həyatlarını itirirlər. 100 uşaq içində məhz Zəhra kimi həyata qaytara bildiyimiz 85-90 körpə üçün bu çətin, məsuliyyətli və şərəfli işə yorulmadan davam etmək vəzifə borcumuzdur.
Ramazan Bayramınız Mübarək!”

Əvvəlki məqalə

Masallıda Şəhid ailələri üçün iftar süfrəsi açılıb

Sonrakı məqalə

Zelenski Boris Consonla Mariupolu müzakirə edib